Nazirliklərdə xınayaxdı, ad günləri keçirilsin - Hafiz Hacıyevdən TƏKLİF

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə Fövqəladə Hallar Nazirliyinin (FHN) xanım işçilərinin, qurumun inzibati binasında xınayaxdı mərasimi keçirdiklərini əks etdirən görüntülər yayılıb. Videoda xanım işçilərin xidməti geyimlərində qadın məclisi təşkil etdikləri öz əksini tapıb.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mətbuata verdiyi açıqlamasında görüntüləri normal qarşıladığını bildirib.
“Bu, şəhid ailəsinin qızının məclisdir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki? Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”,- deyə nazir qeyd edib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hesab edir ki, nazirlikdə xınayaxdı mərasiminin keçirilməsi çox normal haldır.
Onun sözlərinə görə, sovet dövründə adətən belə məsələlərdə, ad günlərində iş yerlərində böyük bir kampaniyalar düzəldilirdi:
“Burada elə bir qəbahətli bir şey yoxdur. Məndə olan məlumata görə şəhid övladıdır. Bu, kollektivin bir-birinə isnişməsi, mehriban atmosferin yaranmasıdır. Nə qəbahət iş var ki? Biz xalqın içində də oluruq qınanılırıq, olmuruq da qınanılırıq. Bəzən deyirlər ki, vəzifəlilər yekəxanalıq edir, işçilərlə bir yerdə olmurlar. Özlərini yuxarıdan aparırlar. Şəhidin ruhunu şad etməkdən ötəri nazirlikdə belə bir xınayaxdı olub. Mən 20-30 il vəzifələrdə, komsomolun birinci katibi olmuşam. Komsomolda biz bu işləri təşkil edirdik ki, qoy, kolektiv bir-birinə yaxınlaşsın, mehriban olsun, söz-söhbət olmasın. Çox normal haldır”.
Partiya sədrinin fikrincə, bunu şişirtməyə, faciə etməyə dəyməz:
“Xalqa yaxınlaşırlar da pisdir, yaxınlaşmırlar da pisdir. Yaxınlaşmayanda deyirlər xalqı saymır. İstərdim ki, başqa nazirliklərdə də müəyyən işçilərin ad günləri də qeyd olunsun. Ondan sonra orada olan, çətin yaşayan insanlara yığılsınlar yardım etsinlər. Xınayaxdır da. Burada nə böyük problem olub ki? Başqa bir proses olmayıb, başqa bir hadisə baş verməyib ki?"
Həmidə İbrahimova