Dövlət binasında məişət tədbiri keçirmək olmaz - FHN-dəki xınayaxdıya REAKSİYALAR

 17:19 22.12.2022     2364

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) xanım işçilərinin qurumun inzibati binasında xınayaxdı mərasimi keçirdiklərini əks etdirən görüntülər yayılıb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov isə mətbuata verdiyi açıqlamasında görüntüləri normal qarşıladığını bildirib.

Bəs, dövlət qurumunun inzibati binasında xınayaxdı, nişan kimi mərasimlərin keçirilməsi nə dərəcədə düzgündür? Qanunvericilik buna imkan verirmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev hesab edir ki, bu cür məsələləri şişirtməyə ehtiyac yoxdur:

"Təbii ki, dövlət sahələrində bu cür tədbirləri keçirmək olmaz. Amma bu hadisə hər gün olmur ki, kimsə gedib yer götürüb xınayaxdı keçirsin. İndi orda işləyənlərin bəlkə də imkanı olmayıb. Açığı mən onu görməmişəm. Bu məsələdən də xəbərsizəm. Təbii ki, belə tədbir olmamalı idi. Amma olubsa da, bununla bağlı yəqin ki, onlara irad bildirilib, cəzalandırma tədbirləri görülüb”.

Deputat qeyd edib ki, o, əvvəllər şirkətlərdə işlədiyi zaman bu cür tədbirlərin keçirildiyinin şahidi olub.

"Xınayaxdı olmasa da, buna bənzər tədbir, şənlik keçirilib. Və buna heç kim pis baxmayıb. İndi FHN-də də yəqin iş vaxtından sonra olub. İşdən sonra da olubsa, belə şeyləri şişirtməyə dəyməz. İndi o insan nəsə şadlıq etmək istəyib. Təbii ki, mən buna yaxşı baxmram. Heç kim də yaxşı baxmır. Nazir də baxmaz, baxmır da. Amma bunu bu qədər şişirdib onu oradan çıxartmaq, iştiraka gələnləri qovmaq kimi pislikləri niyə edək ki? Açığı mən bunu başa düşmürəm. Bilmirəm indi orada nə baş verib. Amma bunu bu qədər şişirdib onların da cəzalandırılmasını, qovulmasını da düzgün addım saya bilmərəm”, - deyə Razi Nurullayev bildirib.

Məsələyə münasibət bildirən sosioloq Elçin Bayramlı qeyd etdi ki, hər şeyin yeri, qaydası var:

“Bəzi şeylər var, yazılmamış qanunlardır. Ola bilsin pis heç nə yoxdur, təbii ki, yaxşı bir mərasimdir. Əslində, bunlar mənəvi cəhətdən müqəddəs bir mərasimdir. Amma hər şeyin yeri, qaydası var. Min illərdir formalaşmış ənənələr, dəyərlər var. Bunlara hörmət etmək lazımdır. Ən azı iş yerində etik deyil. Bunu şouya çevirmək nə məcburdur ki? Nə məqsədə xidmət edir? Xınayaxdı keçirməyə yerləri yoxdursa, müraciət etsinlər biz yer təşkil edərik. İş yeri konkret dövlət işlərini həyata keçirmək üçündür. Nə təlimata, nə hər hansı qanuna, nə də hər hansı mənəvi dəyərə uyğundur. Bu sadəcə tik-tok şoularına bənzər bir şeydir. Normal bir qaydada evdə, obyektdə keçirmək olar. Bu mərasimin mahiyyəti başqadır. Forması vacib deyil, mahiyyəti vacibdir ki, bu mərasim nə üçündür. Əgər ölkədə hər yer dağılsa, bütün binalar uçsa, bircə ora qalsa, hə, onda, olar. Belə fors-major hallarda olar. Amma digər hallarda buna ehtiyac yoxdur. Ümumiyyətlə, belə şeyləri ucuzlaşdırmaq, dəyərlərimizlə oynamaq, gözdən salmaq düzgün deyil".

Sosioloq onu da bildirdi ki, dövlət idarələrində ciddi nizam-intizam olmalıdır:

“Bunu heç özəl şirkətdə də etmək olmaz. Cinayət deyil. Amma etik də deyil. Onda biz harda nə gəldi, cinayət etmədikcə, edə bilərik. Deyək ki, küçənin ortasında qışqıra bilərik, nə desən edə bilərik. Axı qanunda buna görə cinayət məsuliyyəti yoxdur. Bu prinsiplə yanaşanda baxmayaraq ki, təməlin xarakteri ciddi bir problem yaratmır, amma onun mənəvi motivi əsasdır. Və sual çıxır ki, hansı məcburiyyətdən bu dövlət binasında olmalıdır? Nə məcburdur? Hər hansı bir məcburiyyət varsa, mən başa düşürəm. Başqa yerlərdə qadağa qoyulubsa, heç bir yerdə yer yoxdursa, mən normal qarşılayıram. Amma bu, artıq şoudur. Milli dəyərlərlə aşağılayıcı rəftardır. Bu kimi mərasimləri cılızlaşdırmaqdır. Necə ki, artıq biz digər milli mərasimlərimizi də biabırçı hala gətirmişik, toylarımız, nişanlarımız, xınayaxdı mərasiminin məzmunu kənara atıb reklam formasına keçirmişik. Kimlərsə videoya baxıb deyəcəksə, “hə nə maraqlı idi”, həyatını onun üzərində qurmamalıdır. Bu, gənc nəslə, yeniyetmələrə pis nümunə olur. Bir dəfə, beş dəfə, on dəfə olduqca adiləşir”.

Məsələyə hüquqi cəhətdən fikir bildirən hüquqşünas Ceyhun Cəfərli isə bildirdi ki, bu məsələnin qanuna uyğun olub-olmamasını müəyyən etmək üçün əvvəlcə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fəaliyyətini tənzimləyən nizamnaməyə baxmaq lazımdır:

“Bilirsiniz ki, Fövqəladə Hallar Nazirliyi xüsusi rejimdə fəaliyyət göstərən nazirlikdir. Və onların əməkdaşlarının fəaliyyətini, yəqin ki, fövqəladə hallar naziri tərəfindən təsdiq edilən daxili nizamnamə müəyyən edir. İşçilərin peşə kodeksi, işçilərin əmək funksiyası, bağlanılan əmək müqavilələrində işçilərin vəzifələri eləcə də, nazirliyin daxili nizam-intizam qaydaları müəyyən edir. Əgər o daxili nizam-intizam qaydalarında, nizamnamədə, onun əsasnaməsində işçilərin fəaliyyətini tənzimləyən daxili sənədlərdə, davranış qaydalarında bu barədə qadağalar varsa, əlbəttə onu keçirmək düzgün deyil. Orada işçilərin diqqətini uzun müddətə yayındıran belə tədbirlərin keçirilməsi mənim fikrimcə, doğru olmazdı. Xınayaxdı məişət hadisəsidir. Şəxsi həyata aid məsələdir. İşdən sonra istirahət günlərində olmalıdır. Orada elə bir tədbir keçirilirsə, deməli bütün işçilərin diqqəti yönəlir o tədbirə və belə olanda da, Fövqəladə Hallar Nazirliyinə hər gün nə qədər zənglər, çağırışlar daxil ola bilər. Düzdür, bəlkə də o, elə bir şöbədir ki, birbaşa çağırışlarla, hadisə yerinə getməli olan işçilərlə bağlı yer deyil. Amma bütün halda nazirlikdirsə, nazirliyin işçiləri, əməkdaşları iş başında "farağat" vəziyyətdə durmalıdırlar. Bu, hərbidə də, xüsusi rejimdə işləyən digər orqanlarda da, sərhəd xidmətində də belədir. Onlar həmişə ayıq-sayıq olmalıdırlar. Adından da göründüyü kimi fövqəladə bir idarədir. Fövqəladə idarə gücləndirilmiş rejimdə işləyən dövlət orqanıdır”.

Hüquqşünasın fikrincə, əgər bu gün işçilərin davranış qaydaları, iş, əmək funksiyasın icra edərkən yerinə yetirilməli olduğu vəzifələri, hüquqları əks olunan sənədlərdə bu qadağan deyilsə, deməli bunların bu hərəkətinə, orada elə bir tədbirin keçirilməsinə hüquqi baxımdan tənqidi yanaşmaq olmaz:

“Çünki qanunla qadağan olunmayan şeyə icazə var. Yox, əgər nizamnamədə qadağalar varsa, hesab edirəm ki, o hüquqi cəhətdən də qınanmalıdır. Yeri gəlsə, inzibati qaydada daxili intizam qaydasında məsuliyyətə də səbəb ola bilər. Əgər nizamnamədə yoxdursa da, bir hüquqşünas kimi hesab edirəm ki, daxil edilməlidir. Çünki dövlət orqanları həmişə öz vəzifələrini dəqiq, dürüst layiqincə, vaxtında yerinə yetirməli olan orqanlardır. Onların işi budur. Orada ancaq öz işi ilə məşğul olmalıdırlar. Amma kənarda, işdən sonra onların belə bir tədbir keçirməsi, belə bir mərasimdə iştirak etməsi hüquqa zidd deyil. Çünki şəxsi həyat, qulluq mövqeyi var. Onların sərhədləri var. Onları da kimsə qanunsuz işıqlandırırsa, bu da qanunsuzdur. Kiminsə şəxsi həyat sirrini yayırsa, bu da qanunsuzdur. Amma iş başında məncə, hüquqi məntiqinə görə olmaz".

Həmidə İbrahimova