Taksi xidmətinin siğorta haqqı artırılacaq

 17:21 21.12.2022     315

Bu gün Azərbaycanda taksi xidmətində istifadə olunan avtomobil markalarının zərərliliyi 200-300 % səviyyəsində ola biləcəyini nəzərə alaraq, taksi xidmətinə görə sığorta haqqı artırıla bilər.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev reporta-a müsahibəsində bildirib.

"Biz digər ölkələrin təcrübələrində də belə hallara rast gəlirik. Avtomobillər istismar müddətinə, markalarına, motor həcminə görə fərqləndiyi üçün risk səviyyələrinə görə də fərqlənirlər. Avtomobil sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalanır. Zərərlilik statistikasında baxdıqda görürük ki, müəyyən markalarda zərər daha çoxdur. Hətta zərərliliyin 100 %-i keçən avtomobilləri də görürük. Xüsusi ilə motor həcmi kiçik olan avtomobillərdə bu zərərlilik daha yüksək olur.

Təbii ki, hər bir sığortaçı zərərliyi az olan avtomobilləri sığortalamaq istəyir, digərlərinə könülsüz yanaşır. Bunu inzibati yollarla aradan qaldırmaq lazımdır. Hazırda sığorta haqlarının hesablanması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, sürücülər daşıdığı riskdən aslı olaraq sığorta haqqı ödəyirlər. Yəni, siz yaşınıza, təcrübənizə, avtomobilinizin istismar müddətinə, intensiv yerdə istifadə etdiyinizə görə, əlavə sığorta haqqı verirsiniz. Avtomobil yüksək riskə malikdirsə, sığortalı daha çox sığorta haqqı ödəyir. Nəticədə sığortaçıların münasibəti dəyişir", - Z.Əliyev bildirib.

Onun sözlərinə görə, motor həcmi aşağı olan avtomobillər daha çox taksi fəaliyyəti üçün istifadə olunur: "Xarici təcrübədə taksi xidmətində istifadə olunan avtomobillər üzrə sığorta haqqı fərqli qaydada ödənir. Yəni, taksi fəaliyyətinə görə əlavə risk faktoru olur, bu da sığorta haqqını artırır. Bizdə də müvafiq dövlət qurumları bu sahədə müəyyən tədbirlər həyata keçirir. Düşünürük ki, taksilərin xüsusi bir reyestri olsa və həmin reyestri təmin edən informasiya bazası İcbari Sığorta Bürosuna inteqrasiya edilsə, bu bizə taksi xidmətinə görə də əlavə risk əmsalı müəyyən etməyə kömək edəcək. Nəticədə taksi xidmətinə görə daha çox sığorta haqqı olacaq".