Azərbaycan dindarları İrana etiraz etdilər - FOTO

 19:20 21.12.2022     271

Son zamanlar İranın Azərbaycanın sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər və Ermənistana verdikləri dəstəyə etiraz olaraq ölkəmizin Qərb rayonlarında fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.

Redaktor.az xəbər verir ki, bəyanatı Gəncə və Naftalan şəhərlərinin, eləcə də Daşkəsən, Göygöl, Samux, Naftalan və Goranboy rayonlarının din xadimləri imzalayıb.

Bəyanatda bildirilib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra İran Azərbaycana qarşı münasibətdə çox dəyişib və bilərəkdən uzun illər xalqları bir-birinə bağlayan bütün dəyərlərin üstündən xətt çəkib:

“Birinci Qarabağ müharibəsindən bu günə kimi gah gizli, gah da aşkar formada düşmənlərimizin yanında olub, onlara hər cür kömək göstərib. Dəfələrlə irad bildirməyimizə baxmayaraq İran Azərbaycana qarşı ədalətsiz münasibətini dayandırmayıb, əksinə onu daha açıq şəkildə davam etdirib. Demək yerinə düşər ki, Azərbaycan dünya miqyasında tolerantlıq ənənələrinin qorunmasında nümunə olacaq ölkə kimi qiymətləndirilib. Biz Qərb bölgəsinin dindarları real faktlara söykənərək bildiririk ki, vətənimizdə dini və etnik zənginlik həmişə diqqətdə saxlanılıb, xalqımız tolerantlıq ənənələrini tarix boyu yaşadıb və inkişaf etdirib. Amma nədənsə din qardaşları adlandırdığımız İran hər an bizə zərbə vurmağa, erməniləri hər vəchlə müdafiə etməyə can atıblar və bunu ediblər. Onlar ermənilərin Azərbaycanın işğal altında olan ərazilərindəki dini dəyərlərimizi təhqir edəndə, məscidlərimizdə donuz saxlayanda, onları uçurub xarabalığa çevirəndə səslərini belə çıxarmayıblar. Bu az imiş kimi İran daim erməni terrorçularını silahlandırıb, qələbəmizə nifrətlə yanaşıb, beləcə də əllərini Azərbaycanın şəhid oğullarının qanına batırıb”.

Bəyanatda vurğulanıb ki, İran bu gün də Azərbaycana haqsız nifrətini davam etdirir, Azərbaycanın qələbəsini həzm edə bilmir, hətta Zəngəzur yolunun açılmasını özünün qırmızı xətti hesab edir:

“Vətən müharibəsi zamanı dinindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlarımızın haqq işində birlik nümayiş etdirməsi çox qürurverici hal kimi tarixin səhifələrinə həkk oldu. Lakin qələbəmizi qəbul etməyən İran düşmən xislətini gizlətmədi, özünü müsəlman adlandırsa da İslam dinini siyasiləşdirərək bədnam qonşumuz kimi iç üzünü göstərdi. Bu, qəbuledilməzdir və islami dəyərlərə ziddir. Birbaşa dinimizin dəyərlərinə hörmətsizlikdir. Ermənilərin dünyada hər zaman xristian təəssübkeşliyindən yararlandığı halda İran daim xəyanət yolunu seçdi, Azərbaycanın ərazi bütövlüyünün bərpasını qəbul etmədi, bütün gücü ilə işğalçı Ermənistanın yanında oldu. Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana hərtərəfli dəstək göstərdi, onları silahlandırdı, təxribatlarından əl çəkmədi”.

“Təbii ki, biz bölgə dindarları olaraq bunu dəyərlərimizə və suverenliyimizə qarşı hörmətsizlik kimi qiymətləndiririk və İranın çirkin niyyətli olmasını qınayırıq. İran 67 müsəlman məscidinin 65-ni dağıdan, təhqir edən Ermənistanla bütün sahələrdə əməkdaşlığını daha da dərinləşdirdi. Bu, islami birlik və məzhəb yaxınlığı amalları ilə bir araya sığmayan münasibətdir. Biz bölgənin din xadimləri özünü İslam Respublikası adlandıran İranın bölgədə dini dəyərlərlə bir araya sığmayan haqsız siyasətinə və Azərbaycana qarşı səsləndirdiyi təhdidedici yersiz bəyanatlarına, xüsusilə də sərhəd boyunca həyata keçirdiyi hərbi təlimlərə görə öz narahatlığımızı bildiririk və İranın bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan edirik”, - din xadimlərinin bəyanatında qeyd olunub.

Qeyd edək ki, daha əvvəl Aran rayonlarında, o cümlədən Ucar, Göyçay, Kürdəmir və Zərdabda fəaliyyət göstərən din xadimləri də son zamanlar İranın Azərbaycanın sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər və Ermənistana verdikləri dəstəyə etiraz olaraq bəyanat qəbul ediblər.