"Azərbaycanda artıq 100 qıza 115 oğlan düşür" - Komitə sədri

 19:27 21.12.2022     387

"Həm qanunverici, həm də icraedici orqan müvafiq məsələlərlə bağlı xüsusi düşünməlidir. Bu mövzulardan birincisi cinsi seleksiyanın, cinsi seçimin getdikcə artmasıdır. Yəni 2020-ci illə müqayisə etsək, bu göstəricinin 2021-ci ildə daha da artdığını görürük. Bu qədər işlərə, qanunvericilikdə həyata keçirilən addımlara baxmayaraq, yenə artım olur. Elə bir artım gedir ki, artıq bioloji normalardan xeyli yuxarıdadır. Bu, isə gələcəkdə ciddi təhdidlər yaradır. Artıq 100 qıza 115 oğlan düşür. Bu artım bu şəkildə gedərsə, gələcəkdə bir sıra ciddi problemlər yaradacaq. Mən istəyərdim elə bu mövzunu burda danışılsın ki, daha nələr etmək olar? Qanunverici orqan olaraq, icra qurumları olaraq bu məsələyə diqqəti daha da artırmalıyıq".

Redaktor.az xəbər verir ki, bu barədə millət vəkili, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

O, dövlət qurumlarında çalışan qadınların sayının azlığına da toxunub:

"Böyük məmnuniyyət duydum ki, prokurorluq orqanları ilə daxili işlər orqanlarında qadınların sayı artıb. Bu sahələr adətən qadınların alt sahədə təmsil olunduğu sahələr idi. DİM-də dövlət qulluğuna imtahan verən qadınların sayı çoxdur. Bəs niyə nazirliklərdə, digər dövlət qurumlarında isə qadınların sayı bu qədər zəif artım göstərir?

Yəni bunun obyektiv səbəbi ola bilməz, DİM-də qadınlar bu sahələrdə imtahan verirsə və nəticələr toplayırsa, niyə bu qurumlar qadınların işə götürülməsində belə zəif addımlar atır? Bu qurumlarla bağlı da ciddi çağırış etmək lazımdı. Gələcəkdə də bu cür yanaşmalar təkrarlansa, bu o deməkdir ki, ölkədə aparılan siyasətlə cənab Prezidentin rəhbərliyi ilə ölkədə aparılan siyasət bir deyil".

Qənirə Paşayeva həmçinin qeyd edib ki, qadınların məruz qaldığı məişət zorakılığının ən önəmli olanlardan biri övlad sahibi ola bilməyən qadınlarla bağlıdır.

"Bizə müraciət edən qadınların içərisində mən çox nadir hallarda psixoloji, mənəvi və fiziki zorakılığa məruz qalmayan qadın görürəm. Ailələrdə imkan az olduqda müalicələrə gedə bilmirlər, çünki süni mayalanma əməliyyatları icbari tibbi sığortaya daxil deyil. Bu da qadınlar üçün çox ciddi problemlər yaradır. Bu mövzuyla bağlı şəxsən səhiyyə nazirinin qəbulunda olmuşam. Mənim seçki dairəmdən də bir çox müraciətlər var idi. Reproduktiv sağlamlıq haqqında Qanunun qəbuluna çox müsbət baxılır. Çox vacibdir ki, süni mayalanma əməliyyatları icbari tibbi sığortaya daxil olsun. Qardaş ölkə Türkiyədə icbari tibbi sığorta ilə insanlara 2 dəfə bu şans verilir. 3-cü dəfəsində isə müalicənin yarısı qarşılanır. İndi nəzərə alsaq ki, kişi sonsuzluğu qadın sonsuzluğuna bərabərləşib, bu artıq ciddi ailə probleminə çevrilir. Mənə elə gəlir ki, bu mövzulara baxmağımız da önəmlidir", - deyə millət vəkili vurğulayıb.

Komitə sədri onu da bildirib ki, bölgələrdə sığıncaqlar və hərtərəfli yardım mərkəzlərinin sayının artması çox vacibdi. Onun sözlərinə görə, bunun çox müsbət tərəfləri var.

Qənirə Paşayeva onu da əlavə edib ki, aliment ala bilməyən qadınlara qarşı iqtisadi zorakılıqlar edilir.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən