Dardüşüncəli Ermənistanın işğalından Böyük Azərbaycan Qayıdışına...

 23:01 21.12.2022     218

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının ictimai fikirdə, özəlliklə kütləvi informasiya vasitələrimizdə təqdirlə müzakirə, təbliğ və tərənnüm olunmasına şahidlik etmək çox xoşdur.

Laçın-Xankəndi yolunun Şuşa səmtində ekologiya ictimaiyyəti öndə olmaqla, vətəndaş cəmiyyəti institutlarının bir neçə gündür davam edən aksiyası, habelə Ermənistanın və Xankəndindəki qondarma rejimin anti-Azərbaycan açıqlamaları fonunda Böyük Qayıdışdan söz açmaq, necə deyərlər, ayrı bir dərəcə, xüsusi bir səviyyə müəyyənləşdirir.

Bəli, söhbət, məhz Dövlət Proqramından gedir. Bu coğrafiyada qürurlu və ədalətli dövlət var, o, özünə qarşı baş vermiş ədalətsizlkləri də öz gücü ilə aradan qaldırmağı bacaran dövlətidir. Azərbaycan dövləti işğala son verməyi də, keçmişi qapadıb, yeni barış səhifəsi açmağı da bacardığını nümayiş etdirir. İşağlı da, pos­t­müharibə dövrünü də məhz xarici himayədarlar hesabına idarə edən Ermənistan Azərbaycanın danışıqlar prosesində iştirakına, siyasi həll yolu nəticə verməyincə hərbi-siyasi yol tuta biləcəyinə ciddi yanaşmadığının bədəlini ödəyib, ödəyir və belə getsə, yenə ödəyəcəkdir. Əslində, necə olmalıdır? – Ermənistan revanşizm cəhdlərindən qəti şəkildə imtina etməlidir. Necə olmalıdır əslində? – Ermənistan Azərbaycana təzminat verməlidir. O təzminat ödətdiriləcək ancaq Azərbaycan o günü gözləmədən də, habelə revanişm meyllərinə Dəmir Yumruqla cavab verərək, tikinti-quruculuq və Böyük Qayıdış layihələri icra edir. Azərbaycan dalan deyil. Dalan Ermənistan, dilənçi Ermənistan, başqa ölkənin forpostu olan Ermənistan Azərbaycanın ləyaqətli, qürurlu və əzmli qərarlarını anlaya bilməz. İşğalçılar elə hesab edirdi, onların “Ohonyan xətti”ni keçmək, basdırdıqları minaları təmizləmək, ümumən işğala son vermək Azərbaycanın gücü daxilində deyil və hər hansı bir cəhd olarsa da, o qədər uzun müddət və resurslar tələb olunacaq ki, o vaxtadək Ermənistan toparlana biləcək. Üstəlik, dünya erməniliyi, ermənidən artıq ermənilik edənlər, haqsız erməniyə əsassız dəstəyi öz həyat qayəsinə çevirmiş güclər də bir amil kimi nəzərə alınmaya bilməz. Lakin, böyük Türk şairi Nəcib Fazil Qısakürəyin üslubu, təbiri ilə ifadə etsək, Rəbbim istədi və sular büklüm-büklüm buruldu, Sırtına Qarabağın Türk tarixi vuruldu!

Eyvalah, Qarabağım, bu yük, bu dava bizə - indiki nəsillərin üzərinə düşdü və Zəfərlə sonlandırıldı!

Budur, Azərbaycanın Müzəffər Ali Baş Komandanı tarixi Sərəncam verib və artıq Böyük Qayıdış prosesinin ilk addımları atılıb. Ölkəmiz qayıdışın Cocuq Mərcanlı modelini hələ 2017-ci ildə yaşamışdı. 2016-cı ilin Aprel döyüşlərindən təqribən 1 il keçmiş Cocuq Mərcanlı sakinlərinin doğma yurda qayıdışı təmin olunmuşdu. Bu ilsə Zəngilanın Ağalı kəndinə qayıdış baş verdi.

İndi – yeni mərhələdə Azərbaycan Prezidentinin 02 fevral 2021-ci il tarixli 2469 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıya qo­yulmuş hədəflərin gerçəkləşdirilməsi məqsədinə xidmət edir. – Həmin Milli Prioritetlər, necə deyərlər, ilkin yol xəritəsini ifadə edirdi. Prezident İlham Əliyevin sözügedən Milli Prioritetlərə söykənən 22 iyul 2022-ci il tarixli 3378 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda konkret istiqamət və məzmun üzrə Milli Prioritetlər də müəyyənləşdi. Bu, “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezidentin 16.11.2022-ci il tarixli 3587 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”dır. Bəli, iş hüquq müstəvisində də müvafiq ardıcıllıqla davam və inkişaf edir. Milli Prioritetlər kimi, Dövlət Proqramının da ruhu, əhatə dairəsi ümumxalq həmrəyliyini, dövlət-xalq birliyini təcalla etdirir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər əhatə edən Dövlət Proqramında Ermənistanın işğalından, vandalizmdən azad edilmiş torpaqlarımızda azadlıq­dan abadlığa keçidin, görülmüş bərpa-quruculuq işlərinin mövcud durumu, hədəflər və o hədəflərə uyğun göstəricilər, əhalinin öz doğma torpaqlarına (necə, nə vaxt) qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklər və o risklərin idarə olunması, maliyyələşmə qaynaqları və s. əks olunub. Proqramın hazırlanmasında qabaqcıl beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, habelə işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı, iqtisadiyyatda çağdaş dünya çağırışları nəzərə alınıb. Hədəflər, məqsədlər müəyyənləşdirilərkən BMT-nin, digər beynəlxalq qurumların irəli sürdüyü qlobal inkişaf prioritetləri də nəzərə alınanlar içərisindədir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda strateji hədəf göstəricilərinə uyğun olaraq hansı tədbirlər nəzərdə tutulur? – Ən yığcam şəkildə, istiqamətlər üzrə qeyd edək:

-İnfrastruktur;

-İqtisadiyyatın yenidən qurulması;

-Sosial inkişaf;

-Ətraf mühitin tarazlı inkişafı.

Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək kimi strateji məqsədlərə xidmət edən Dövlət Proqramı Böyük Qayıdışın əsaslı yol xəritəsi, necə deyərlər, rəhbər sənədidir.

Əlbəttə, təhlükəsiz yasamdan danışırıqsa, ağla ilk gələnlərdən biri, ərazilərin minalardan və digər partlamamış hərbi sursatdan təmizlənməsidir. Özəlliklə vurğulamaq istədiyim digər məsələ, tarixi, mədəni abidələrin qorunmasıdır. – İşğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrin bərpası, qorunması işinin təşkili, onların inventarlaşdırılması, pasportlaşdırılması, qorunma zona­larının müəyyən edilməsi qarşıda duran əsas vəzifələr sırasındadır.

Dövlət Proqramının icra olunduğu dövr ərzində illik və yekun (2026) nəticələr qiymətləndiriləcəkdir.

Beləliklə, Dövlət Proqramı:

- qlobal trendlər nəzərə alınaraq hazırlanıb;

- strateji məzmunludur;

- universallıq, inteqrasiyalı yanaşma, heç kimin geridə qal­maması kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsəd­lərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılıb;

- ərazilərin bərpası və yenidən qurulması prosesinin insti­tu­si­o­nal əsasları işlənib.

Bir sözlə, layiqli yaşam ortamı yaradılır.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

Milli Məclisin deputatı