"Buta Airways"in saytı çökdü

Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" 2023-cü ilin yay cədvəli çərçivəsində (martın 26-dan oktyabrın 29-na qədər) 9 istiqamət üzrə 29 avroya bilet satdığını elan edib.
Məlumata görə, aviabiletlərin bu gün saat 16:00-da bütün hava limanı rüsumları daxil olmaqla, minimal “Büdcə” tarifi ilə onlayn satışına başlanılacaq. Bu təklif Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufaya uçuşlar üçün keçərlidir.
Lakin məlumatda qeyd olunan saatdan sonra sayta giriş mümkün olmayıb.
Redaktor.az xəbər verir ki, bu, sosial media istifadəçiləri arasındanarazılığa səbəb olub.
İT üzrə mütəxəssis Fərid Pərdəşünas bildirib ki, sözügedən sayt hazırda çöküb:
"Buta Airways-in bu gün saat 16:00-dan etibarən 29 avroya satışa çıxardığı 10.000 bilet səbəbindən saytları çökdü", - deyə o qeyd edib.
Sosial şəbəkə istifadəçilərdən biri yazıb:
"29 avroluq biletlər qalsın bir kənara, "super" tarifli - 75 avroluq və "starndart" tarifli 55 avroluq biletlərin də izi-tozu görünmədi. Elə özləri elanı verib, özləri də sistemi dondurdu, biletləri aldı və üç-dörd qat baha qiymətə öz şirkətlərinə satdıracaqlar. Adamları da, nə qədər kobud çıxsa "uzaqdan pişiyə əti göstərib gizlədən kimi" şirnikləşdirirlər.
"Buta"nın saytına daxil olmaq istəyənlər, "sistem açılmır", "birtərəfli bilet 270 manat, baqajsız", "bu qədər bileti kim aldı?", "bizi aldatdılar" kimi fikirlərlə naümid və biletsiz qaldılar. Turizm şirkətləri də sabah onların biletlərini od qiymətinə satacaq. Bizim hava yollarının soyğunçu siyasəti beləcə davam edir".
Qeyd edək ki, sözügedən təklif Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa şəhəri üzrə keçərlidir. Biletə əl yükü və baqaj daxil deyil.
Məsələ ilə bağlı AZAL rəsmisi Paşa Kəsəmənski ilə əlaqə saxladıq. O, kənarda olduğunu bildirdi və digər əməkdaş Nərmin Xəlilova ilə əlaqə saxlamağımızı məsləhət gördü.
N. Xəlilovaya dəfələrlə zəng etsək də, cavab vermədi.
Nərmin VÜQARQIZI