"Azəriqaz" Qənirə Paşayevanın qaldırdığı məsələyə cavab verdi

 13:50 23.12.2022     412

Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin ötən iclasında təmsil etdiyi Tovuz rayonunun qaz probleminə toxunub.

Millət vəkili bildirib ki, rayonun 48 yaşayış məntəqəsində 2781 evə hələ də qaz verilməyib.

Maraqlıdır, bu evlərə nə vaxt qaz veriləcək?

Problemlə bağlı Redaktor.az əməkdaşının sualını cavablandıran "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirdi ki, Tovuz rayonu yaşayış məntəqəsi çox olan ərazidir. Onun sözlərinə görə, rayonda 104 yaşayış məntəqəsi var ki, onların da əksəriyyəti dağlıq ərazilərdə yerləşir.

“Hər il Tovuz rayonunda qazlaşdırma işləri aparılır. Bu il də Tovuzun 2 yaşayış məntəqəsinin və 2 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Yəni digər rayonlara nisbətdə baxsaq, demək olar ki, bu rayonda da qazlaşdırılma işləri sürətlə aparılır. Növbəti ildə də bu işlər Tovuz rayonunda nəzərdə tutulub. Kəndlərin, eyni zamanda yeni yaşayış massivlərinin qazlaşdırılması nəzərdə tutulub. Qeyd etdiyim kimi, Tovuz rayonun qaz almayan kəndləri əsasən dağlıq ərazilərdə yerləşir. Aydın məsələdir ki, orada tikinti işlərində çətinliklər var. Buna baxmayaraq, ötən illərdə olduğu kimi, Tovuz rayonunda qazlaşdırılma işləri davam etdiriləcək. Əlbəttə ki, bu qazlaşdırılma işləri “Azəriqaz”ın mövcud maliyyə imkanları çərçivəsində aparılır”, - deyə qurum rəsmisi qeyd etdi.

Nərmin VÜQARQIZI