Rasim Balayevdən nazirin işdən çıxarılmasına REAKSİYA: "Bacarmırsa, desin ki, bu vəzifə mənə görə deyil"
“Prezident Anar Kərimovu lazım bilib işdən azad edib. Başqa nə demək olar ki? Prezident onu nazir təyin etdi, ümid etdi ki, mədəniyyət sahəsində müəyyən işlər görəcək. Görünür, prezidenti razı salmayıb, dəyişdirilib”.
Bunu Redaktor.az-a Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Anar Kərimovun mədəniyyət naziri vəzifəsindən azad edilməsi ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, prezident hər zaman yeni kadrlara etimad göstərir:
“Prezident etimad göstərir, vəzifəyə göndərir. Əgər bu vəzifəni bacarmırlarsa, desinlər, "etimada görə, çox sağ olun, amma bu vəzifə mənə görə deyil, mən bacara bilmərəm". Yox, əgər bacarırsansa, get işlə. Amma hamısı gedir, rüşvət, korrupsiya da hər yeri basıb. Bunların səbəbini bilmirəm. Əgər bu adam vəzifəni qəbul edibsə, gedib işləməlidir. Yox, götürə bilmirsə, desin mən bunu bacarmayacam, mənə bacara biləcəyim iş verin. Televiziyada göstərirlər ki, prezident tapşırıq verir ki, camaatı narazı salmayın, amma o saat gedirlər ağa, xan, bəy olurlar”, - deyə Xalq artisti bildirdi.
Qeyd edək ki, ötən gün Anar Kərimov Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Adil Qabil oğlu Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. Həmçinin mədəniyyət naziri təyin olunana kimi həmin vəzifənin müvəqqəti icrası Adil Kərimliyə həvalə edilib.
Xatırladaq ki, Anar Kərimov 05 yanvar 2021-ci il tarixində mədəniyyət naziri təyin edilmişdi.
Nərmin VÜQARQIZI












