Ekspertdən məktəblərdə qidalanma ilə bağlı maraqlı təklif: "Uşaqlar 20 qəpik atsınlar..."

 18:56 23.12.2022     1282

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə fəaliyyət göstərən ali təhsil və ümumtəhsil müəssisələrində yoxlamalar həyata keçirib. Yoxlamar zamanı qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması ilə bağlı 23 ali təhsil müəssisəsinin və 38 ümumtəhsil müəssisəsinin qida bloklarında nöqsanlar aşkar edilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstelkaçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hələ 15 il bundan öncə Azərbaycan Dövlət Standartlaşdırma və Patent Agentliyi məktəb bufetləri, təhsil müəssisələri üçün standartlar hazırlayıb.

Onun sözlərinə görə, həmin standartın tələblərində mətbəxin, satış yerinin, işçilərin, müəyyən gigiyena tələblərinə dair göstərişlər, məhdudiyyətlər var:

“Və birmənalı şəkildə təhsil müəssisələrində, məktəb bufetlərində qazlı, energetik içkilərin satışı, "Coca-Cola", kolbasaların və digər malların satışı qadağan olunub. Eləcə də işçilərin tibbi müayinədən keçməsi məsələsi və sair göstərilib. Lakin uzun illərdir bu məsələ başlı-başına qalıb. Demək olar ki, heç kəs bunu yoxlamır. Uzun illər, hətta müstəqillik dövründə məktəb bufetləri mərkəzləşdirilmiş qaydada qıda ilə təmin olunurdu. Bir sıra mallar ayrıca mərkəzlər var idi ki, oradan hazırlanıb göndərilirdi. Lakin o qurum da ləğv olundu. Bir müddət məktəb bufetlərinə icra hakimiyyətləri nəzarət etdilər. Hal-hazırda vəziyyət belədir ki, məktəb bufetləri məktəb direktorlarının öz vicdanına qalıb. Və onlar da əksər hallarda məktəb bufetlərini fiziki və hüquqi şəxsə icarəyə veriblər və o gəlirə ortaqdırlar. Belə bir şəraitdə əlbəttə, məktəbdə uşaqların qidalanmasında problem var. Böyük tənəffüsün qısa olması, isti xörəklərin olmaması uşaqların qidalanmasına imkan vermir. Ona görə Azad İstehlakçılar Birliyi daim təklif edir ki, məktəb dəhlizlərində avtomatik meyvə satan qurğular olsun. Uşaqlar 20 qəpik atsınlar ora, alma alsınlar yesinlər. Çox təəssüf ki, illərdir biz bunu desək də, həyata keçirən yoxdur”.

Eyyub Hüseynovun fikrincə, Qida Təhlükəsizliyi Agentliyinin gördüyü iş dəryada bir damladır:

“Xüsusən, regionlarda böyük problemlər yaşanır. Və bu barədə mənə istehlakçı zəngləri gəlir. Yazılı şikayət olmayıb. Məktəb bufetlərində nəyin gəlib satıldığı məsələsi barədə, yəni yoxlanışdan keçmədən satılan malların məsələsi gündəmdə dayanır. Qida Təhlükəsizliyi Agentliyi çox təəssüflər olsun ki, bu işi ictimai təşkilatlarla bir yerdə görmür. Azad İstehlakçılar Birliyinin sədri olaraq mən AQTA-da ictimai şuranın üzvüyəm. Dəfələrlə təklif etmişəm ki, bu cür reydlərdə qoy, ictimaiyyət də iştirak etsin. Biz onu ictimailəşdirək. Çox təəsüflər olsun ki, beş aya yaxındır İctimai Şuranın heç bir yığıncağı keçirilmir. Bir sözlə Qida Təhlükəsizliyi Agentliyində yaranan İctimai Şura demək olar ki, effektsiz, mənasız heç bir funksiyası olmayan yalançı bir qurumdur. Və belə bir şəraitdə, yəni AQTA-nın ictimaiyyətlə fəal işləməməsi, mediada gedən bu sahədəki olan problemləri təqib etməməsi şəraitində bu gördüyü iş çox kiçik bir hissədir. Qida Təhlükəsizliyi Agentliyi məhdud ştatla bütün məktəbləri əhatə edə bilməz. Ona görə də, valideyn komitəsi, müəllimlər, məktəb direktorları, hamı əl-ələ verib məsələni düzəltməyə cəhd göstərməlidir ki, məktəb bufetlərində antisanitariya olmasın, işçilər yalançı kitabçalarla yox, həqiqi tibbi müayinədən keçmiş olsunlar, məktəb bufetlərində adını çəkdiyim mallar satılmasın. Təəsüflər olsun ki, bu problemlər həll olunmamış qalır".

Həmsöhbətimiz onu da qeyd etdi ki, bu işdə Elm və Təhsil Nazirliyinin də böyük günahı var: 

"Gərək, məktəb bufetlərində ayrıca ona nəzarət edən valideyn komitələrindən istifadə etsin ki, valideyn komitələri məktəb bufetlərinə nəzarət etsin. Elm və Təhsil Nazirliyi də ona rəvac verməlidir. Yaxud valideyn komitələri özləri könüllü olaraq müəyyən təsisat yaratmalıdır, ona nəzarət olmalıdır. Əlbəttə, məktəb bufetlərindəki anormal vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinin böyük məsuliyyəti var”.

Həmidə ibrahimova

Vumart və Güvən reklamı Vumart Güvən