İsa Həbibbəylidən Naxçıvandakı islahatlarla bağlı AÇIQLAMA

 15:36 24.12.2022     285

AMEA prezidenti, akademik İsa Həbibbəyli Naxçıvanda aparılan islahatlara münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, Naxçıvandan olan AMEA rəhbəri mətbuata açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə hərtərəfli surətdə inkişaf etmiş müasir dövlət və ədalətli cəmiyyət yaratmaq üçün geniş islahatlar aparır. Aparılan məqsədyönlü islahatlar və dəyişikliklər müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə uğurla xidmət edir.

“Ölkəmizin bütün regionlarında həyata keçirilən islahatların Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi Prezident İlham Əliyevin davamlı olaraq inkişafına daim yüksək diqqət və qayğı göstərdiyi bu diyarın daha geniş miqyasda inkişaf etdirilməsinə təminat verir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi institutunun tətbiq olunması müasir mərhələdə ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, idarəetmədə vahid rəhbərliyin təmin olunması və səmərəli idarəetmənin həyata keçirilməsi baxımından əhəmiyyətli addımdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunması yeni idarəçilik sistemi şəraitində regionun inkişafında müasir vəzifələrin həllinə lazımi şərait yaradacaq.

Bütün bunlar nəticə etibarilə müstəqil Azərbaycan Respublikasının yeni tarixi epoxasında müasir çağırışlara cavab verən yeni cəmiyyət quruculuğuna öz töhfələrini verəcək”, - deyə İsa Həbibbəyli vurğulayıb.