Azərbaycanın tanınmış dilçi alimi vəfat etdi

 10:09 26.12.2022     281

Azərbaycanın dilçi alimi, Əməkdar müəllim Nadir Abdullayev vəfat edib.

Redaktor.az xəbər verir ki, professor ötən gün axşam saatlarında 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abdullayev Nadir Əziz oğlu 1935-ci il avqust ayının 15-də Göyçay rayonunun Qaraman kəndində anadan olub.

O, 1950–1954-cü illərdə Göyçay Pedaqoji Texnikumunda təhsil alıb. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix-filologiya fakültəsinə daxil olub. 1959-cu ildə ali təhsilini tarix və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirdikdən sonra iki il Sumqayıt peşə məktəbində müəllim işləyib.

1962–1965-ci illərdə APİ-də əyani aspiranturada təhsil alıb. 1965-ci ildə aspirantura təhsilini başa vurub və "Şagirdlərin orfoepik vərdişlərinin formalaşdırılması yolları" mövzusunda dissertasiya işini müdafiə edib. Dissertasiya işini müdafiə etdiyi 1965-ci ildən Pedaqoji İnstitutun Filologiya fakültəsində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsində fəaliyyətə başlayıb.

1993-cü ildən professor vəzifəsinə təyin olunub və 2021-ci ildə təqaüdə çıxana qədər fasiləsiz olaraq həmin kafedranın professoru vəzifəsində işləyib.

N.Abdullayev dilçiliyin və Azərbaycan dilinin tədrisi metodikasının, nitq mədəniyyəti, orfoepiya və orfoqrafiya fənlərinin və elm sahələrinin, natiqlik sənətinin inkişafına əhəmiyyətli töhfələri olub.

N.Abdullayev 25 adda monoqrafiya, proqram, dərslik və dərs vəsaitlərinin, o cümlədən təlim rus dilində olan orta məktəblərin VII və IX sinifləri üçün "Azərbaycan dili" dərsliklərinin, 100-ə yaxın məqalənin müəllifidir.