Vasif Talıbov istefadan bir gün əvvəl harada olub…

 12:24 26.12.2022     455

Ötən həftə - dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Onun 27 ilik postundan imtinaya səbəb kimi səhhətində problemin olması göstərilib. Lakin Vasif Talıbovla uzun illər bir yerdə işləmiş şəxslər onun sağlıq durumunun qaydasına olduğunu düşünürlər.

Redaktor.az xəbər verir ki, Ali Məclisin deputatları və digər əməkdaşlar V.Talıbov istefa verən günə qədər onun səhhətində hər hansı ciddi problem yaranması barədə məlumatlı olmayıblar.

Hətta bildirilir ki, keçmiş "Naxçıvan xanı" dekabrın 20-dək işə gəlib-gedib. O, sonuncu dəfə Ali Məclisdə elə həmin gün olub. Növbəti gün, yəni istefa verdiyi gün işə gəlməyib və uzun illər çalışdığı kolletivlə sağollaşmayıb. Ali Məclisin keçmiş sədrinin dekabrın 21-də harada olduğu bilinmir.

Məlumata görə, Talıbovun istefa qərarı Naxçıvanın deputatlarını da təəccübləndirib. Onlara Ali Məclisin təcili iclasının keçirilməsinin səbəbi izah olunmayıb. Yalnız iclasın gedişində bundan xəbər tutublar.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, ötən həftə gözlənilmədən vəzifəsindən istefa verib. Daha sonra Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik təsis edib. Ölkə başçısının sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi təyin olunub (modern).