"Toyuğun başını kəsib evin üstündən atırdılar, amma ətini yeyirdilər" - Folklorşünas

Batil inanclar bütün dinlərdə və icmalarda mövcud olan inanclardır. Qədim dövrlərdən bəri mövcud olan və günümüzə qədər gəlib çatan inancların adətən reallıqla heç bir əlaqəsi yoxdur.
Bəs, batil inanclara inam haradan yaranıb?
Mövzu ilə bağlı Redaktor.az-a danışan AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, folklorşünas Seyfəddin Rzasoy bildirdi ki, bu inancların tarixi çox qədimdir.
Onun sözlərinə görə, islam dini meydana gələndən sonra batil inancları inkar edib:
““Batil inanc” sözü haqq və batil sözlərindəndir. Bu, islam dini ilə bağlıdır. Allah təala Hz.peyğəmbər vasitəsilə yer üzünə islam dinini, Quranı endirdikdən sonra Quranla yeni qaydalar, yeni düşüncələr, psixologiyalar əmələ gəldi. Amma xalqın Qurana qədər də özünün inancları var idi. Bu inancların tarixi lap gedir mifologiya dövrünə çıxır. Bizə məlum olan dinlərin - iudaizmin, xristianlığın, islam dininin konkret tarixləri var. Amma bəşəriyyətin tarixi son dərəcə qədimdir. Bəşəriyyətin həmişə inancı olub. Bu mənada mifologiya özü başdan-başa təbiətə inancdır: yerə, göyə, suya. İnsanlar yaşadığı ətraf-aləmdə nə varsa, hamısını mifologiya dövründə canlı şəkildə təsəvvür ediblər və mifoloji düşüncədə ümumiyyətlə, canlı olmayan bir şey olmayıb. Bu gün bizim üçün daş, çiçək, bitki, hava cansız hesab olunsa da, mifologiya dövründə, mifoloji düşüncədə bütün bunlar canlı hesab olunub. Və insanlar belə hesab ediblər ki, yer üzündə nə varsa, onların hamısının sahibi var. Azərbaycan xalqı indinin özündə də ağac pirlərinə, daş pirlərinə gedirlər. Məsələn, uşağı olmayan qadınlar daş pirlərinə gedirlər. Orada daşın deşiyindən keçirlər və ya ağac pirlərinə gedib özlərini ağaca sürtürlər, ondan uşaq istəyirlər. Bu, qədim və mifoloji inanclardır. İslam dini meydana gələndən sonra bu inancların hamısını rədd etdi. Batil inanclar burdan yarandı. Yəni o inancları ki, biz İslam dinində qəbul edirik, onlara haqq inancları deyirik. O şeyləri ki, islam rədd edir, onlar batil inanclardır”.
Folklorşünas onu da qeyd etdi ki, bu gün bizim batil inanclar dediyimiz, ilkin mifoloji düşüncəylə bağlı inanclar şüurumuzun dərinliklərində özünə çox kök salıb:
“Məsələn, biz gözdəyməyə inanırıq. Elə adamlar var ki, gözdəyməylə bağlı elə bilir ki, kiminsə gözündə var. Həmin adama səhər tezdən rast gələndə gözünü yayındırmaq üçün müxtəlif hərəkətlər edir. Həmin adama rast gələndə dərhal sədəqə verməyə çalışırıq ki, bizim işimiz düz gətirsin. Halbu ki, həqiqi mənasında insanın başına nə gələcəyi Allah-təalanın yazdığı taledir. Bizim başımıza nə gələcəksə, hamısı Allahın yazdığı taledir. Amma bu inanc bizim düşüncəmizdə özünə yer salıb. Qədimdən gəlib. Yaxud məsələn, başqa inanclarımız var. İndi bizim mədəniyyətdən gəlməsə də, qara pişik məsələsi var. Adamın səhər-səhər qabağından qara pişik keçəndə fikirləşirsən ki, yoluma qara pişik çıxdı. Halbuki qara pişik, ağ pişik, sarı pişik olsun, məsələnin heç bir mənası yoxdur. Məsələn, digər bir inanc var: Toyuqlar xoruz kimi banlayır. Dərhal o toyuğun başın kəsirlər, onu evin üstündən tullayırlar ki, toyuğun xoruz kimi banlamasının kökündə nə durur? Bu, bir batil inancdır. Amma onun kökündə nə durur? Kökündə o durur ki, əgər bir toyuq xoruz kimi banlayırsa, demək o təbiətin ahəngindən nəsə pozuntu baş verir. İnsan bundan çox narahat olurdu. Qədim insanlar deyirdi ki, əgər mənim həyətimdəki toyuq xoruz kimi banlayırsa, deməli mənim həyatımda nəsə bir pozuntu əmələ gəlib və bu, toyuğun vasitəsilə xəbərdar olunub. Dərhal toyuğun başının kəsilməsi isə həmin toyuğun o hadisəni özündən sovuşdurmaq üçün verilmiş qurbandır. Toyuğun başını evin üstündən atırdılar, amma ətini yeyirdilər. Bir növ qurban verilirdi. Məsələn, Novruzla bağlı bizim inanclarımız var. Tutaq ki, bizim babalarımızın təqviminə görə, axır çərşənbə gecəsi təbiət dayanır. Elə bir an olur ki, ağaclar başını yerə əydi, sular da bir anlıq dayandı. Bu o deməkdir ki, il qutardı. Təzə il isə hələ gəlməyib. Həmin an nə arzu etsən, həyata keçər. Yəni il qutardı, təzə ildə arzu tutursan, yeni ildə yeni taleyi özün yaratmış olursan. Məsələn, odun üstündən tullananda deyirik ki, “Ağırlığım, uğurluğum bu odda qalsın”. Odun bizim xəstəliyiniz aparmasına inanılır. Bunların hamısı xalqımızın adət və ənənələridir”.
Həmsöhbətimiz onu da bildirdi ki, bunlar batil inanclar olsalar da, artıq mədəniyyətimizin tərkib hissəsidir.
“İslam dini ona görə onları batil inanc hesab edirdi ki, çünki həmin inanclar insanın dünya görüşünün əsasını təşkil edirdi. Və islamla ziddiyyət təşkil edirdi. Hal-hazırda bizim bu batil inanclar dediyimiz inanclar bizim şüurumuzda Allah ideyası, konsepsiyası ilə heç bir ziddiyyət təşkil etmir. Biz bilirik ki, bunların real bir əsası yoxdur. Sadəcə olaraq onlar adət və ənənələrdir və biz də həmin o adət ənənələri həyatımızda yaşayırıq, çünki onların tarixi son dərəcə qədimə gedib çıxır. Onlardan da imtina edə bilmirik. Onların din ilə heç bir əsası yoxdur. Bu o deməkdir ki, batil inanclar İslam dinindən əvvəlki xalq inanclarıdır. Yəni mifoloji inanclardır ki, Allah təalanın yolladığı din həmin inancları qəbul etmirdi", - deyə Seyfəddin Rzasoy qeyd etdi.
Həmidə İbrahimova