Xankəndidə separatçılar arasında gərginlik - Vardanyan Balasanyanı “VURDU”

 10:59 27.12.2022     146

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş milyarder Ruben Vardanyanla separatçıların “Təhlükəsizlik Şurası”nın “katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ermənistanın müxalifyönlü “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, əgər əvvəllər separatçılar adından Rusiya sülhməramlıları və azərbaycanlılarla bir nömrəli danışıq aparan şəxs Vitali Balasanyan idisə, indi onu arxa plana atıblar.

Vardanyanla Balasanyan arasında gərginlik hətta o həddə çatıb ki, Vitali bazar günü Xankəndidəki meydanda keçirilən mitinqdə belə iştirak etməyib.

“Mənbəmiz deyir ki, Vardanyan tələb qoyub: ya mən, ya da Balasanyan”, - deyə “Hraparak” qeyd edib.

Məqalədə bildirilib ki, Vitali Balasanyanın tezliklə “Təhlükəsizlik Şurası”nın “katibi” postu ilə vidalaşacağı da istisna edilmir. Hətta onu əvəz edəcək şəxsin adı da açıqlanıb:  Qarabağ separatçılarının “müdafiə qüvvələri”nin keçmiş “komandanı” Levon Mnatsakanyan.

“Hraparak” bildirir ki, Qarabağ separatçılarının keçmiş başçısı Bako Saakyan hazrda Ruben Vardanyana komanda qurmaqda fəal şəkildə kömək edir.

O da qeyd olunur ki, Qarabağda separatçıların hazırkı başçısı Arayik Arutyunyanın da “vurulma” prosesi gedir. Bu səbəbdən Arayikə də bazar günü keçirilən mitinqdə çıxış etmək imkanı yaradılmayıb (modern.az).

“Artsaxda rəvan hakimiyyət dəyişikliyinin başlandığı və Paşinyanı rədd edə bilən Vardanyanın hakimiyyətə gəldiyi görünür”, - deyə “Hraparak” milyarderin  Azərbaycanla barışmaz mövqeyə malik olduğunu yazır.