“Şikayət etsinlər, həmin vətəndaşlara 30 qəpiklərini qaytaraq” – "BakuBus"un rəhbəri

Bakıda “BakuBus”a məxsus 99 JO 210 dövlət nömrə nişanlı avtobusla “Hyundai” markalı 90 VV 501 dövlət nömrə nişanlı minik avtomobili qəza törədib.
Redaktor.az xəbər verir ki, hadisə ötən gün, dekabrın 26-da saat 12:50 radələrində Rəşid Behbudov küçəsində qeydə alınıb.
Hadisə şahidinin saytımıza verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.
"5 nömrəli avtobus öz zolağı ilə gedərkən Mərkəzi Banka çatmamış "Hyundai Elantra" ilə yüngül toxunuş oldu. Avtobusdakı sərnişinlərdən də kimsə xəsarət almadı, heç bir narahatlıq yaşanmadı. "Elantra"nın sağ tərəfdən arxa qapısında çox cüzi sürtünmə var idi. Hadisə elə yol polisinin gözü qarşısında baş verdi. Sürücü avtobusu Mərkəzi Bankın qarşısında saxlayıb sərnişinlərdən avtobusu tərk etmələrini istədi. Hamı elə bilirdi ki, sürücü bizi arxadan gələn 5 nömrə ilə yola salacaq və ödəniş etməyəcəyik. Çünki belə hallarla rast gəldikdə, həmişə sərnişinlər pulsuz olaraq arxadan gələn avtobusa mindirilir. Amma bu sürücü avtobusu bir az irəli sürüb saxladı, yol polisi və "Elantra"nın sürücüsü ilə qısaca danışıb, yenidən sükan arxasında oturub yəqin ki, sığortanın gəlməsini gözləyirdi. Yəni avtobusdan düşüb gəlib bizi arxadan gələn avtobusla yola salmadı. Böyük bir qəza olsaydı, sürücünü başa düşmək olardı ki, başı qarışıb, ya özü xəsarət alıb deyə sərnişinləri ilə maraqlana bilmir. Amma bu sürücü heç nə olmasa da, avtobusda oturub kimisə gözləyir. Əgər bizi mənzil başına çatdıra bilməyəcəksə, o zaman təbii ki, bizi başqa bir avtobusla yola salmalıydı. Nəyə görə yenidən eyni nömrəli marşruta ödəniş etməliydik ki? Bəlkə kiminsə kartında pul da qalmayıb, başqa avtobusa minsin?", - deyə şikayətçi bildirib.
Problem ilə bağlı saytımıza açıqlama verən “BakuBus” MMC-nin direktoru Elnur Qarayev bildirdi ki, qəza ilə bağlı heç bir məlumatı yoxdur:
“Bilmirəm, bu barədə xəbərim yoxdur. Sizə şikayət etdiklərinə bizə şikayət etsinlər. Qaynar xətt var. Həmin vətəndaşların ödənişləri lazım bilinərsə, qaytarılar. Qəzanın miqyasından asılıdır. Ola bilər ki, sürücünün başı qarışıb qəzaya. Üzrlü hesab etmək lazımdır. Sərnişinlər də başa düşməlidir. Ola bilər ki, sürücülər özlərini qəza zamanı itirsin. Müvafiq tədbirlər görürük ki, belə hallar olmasın. Bu məsələnin bu qədər böyük narazılığa səbəb olmasını açığı anlamıram. Bəzən qəzaların arealı böyük olur və sürücünün başı daha çox qəzaya qarışır, nəinki sərnişinləri düşürüb-mindirməyə. Belə hallar ola bilər. Şikayət etsinlər, həmin vətəndaşlara 30 qəpiklərini qaytaraq. Burada problem görmürəm, bu, mümkündür”.
Nərmin VÜQARQIZI

