Deputatlar bayramı harada keçirəcəklər? - SORĞU
Artıq 2022-ci ili başa vururuq. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir. Hər iki bayram münasibətilə ölkə üzrə 5 gün qeyri-iş günü elan edilib. Dekabrın 30-da Milli Məclisin payız sessiyası da başa çatır və deputatlar qış tətilinə çıxacaqlar.
Maraqlıdır, millət vəkilləri bayram və tətil günlərini necə və harada qeyd edəcəklər?
Redaktor.az mövzu ilə bağlı deputatlar arasında sorğu keçirib.
Aqil Abbas qeyd etdi ki, bütün bayramlar ölənə qədər öz evində keçirəcək:
“Bakıda, öz evimdə ailəm və nəvələrimlə bərabər olacam. Bayramları xarici ölkələrdə və ya başqa evdə qeyd etməyi xoşlayan adam deyiləm. Əvvəllər bir dayım var idi, o qonaq gəlirdi. İndi o da rəhmətə gedib, ona görə ailəm və özüm oluram bayramda”.

Ceyhun Məmmədov isə bildirdi ki, tətildə istirahət ilə yanaşı yarım qalan işlərinə davam edəcək:
“Yəqin ki, ölkədə olacağıq. Ola bilər ki, bir gün istirahət edək, amma sonra işləməyə davam edəcəyik. Bəzi kitablar, məqalələr var ki, onlar üzərində işləməyi düşünürəm”.

Müşfiq Məmmədli də xaricə getmək fikrində deyil:
"Tətili Azərbaycanda ailəmlə birgə keçirəcəm".

Aydın Mirzəzadə isə bildirdi ki, o hər zaman olduğu kimi yenə də bayram ənənələrinə sadiq qalacaq:
“Həmişə bütün bayramları Bakıda ailəm ilə birlikdə keçirmişəm. Bu il də elə edəcəm. Ailəmlə birlikdə bir süfrə arxasında dostlarımı təbrik etmək, onlardan təbrik qəbul etməklə və ondan da əvvəl Mingəçevirdə seçicilərimi və şəhid ailələrini təbrik etməklə və sair. Hər hansı bir yerə getmək və ya başqa formada bayramı heç vaxt qeyd etməmişəm”.

Fazil Mustafa isə harada istirahət edəcəyinə qərar verə bilməyənlər arasındadır:
“Bunu bilmirəm, hələ qərar verməmişəm, amma yəqin ki, Bakıda qeyd edəcəyəm”.

Fəzail Ağamalı isə yeni təqvim ilində dövlətimizə və xalqımıza müvəffəq olmağı arzu etdi:
“Mən bir qayda olaraq Yeni ili, Novruzu - bu cür əlamətdar bayramları Vətənim Azərbaycanda, paytaxt Bakıda və ailəm ilə birgə keçirirəm. Və bu il də bu ənənəyə sadiq qalacam. Yenə ailəm ilə birlikdə Bakıda köhnə ilə vida edib yeni təqvim ilini qarşılayacam ki, yeni il dövlətimizə, xalqımıza, eyni zamanda bizim ailəmizə də uğurlar gətirsin”.

Məlahət İbrahimqızı isə bayram tətilini nəvələri ilə birlikdə keçirməyi planlaşdırır:
“Yeni ili inşallah uşaqlarım, nəvələrim ilə birlikdə Bakıda qeyd edəcəyəm”.

Nərmin VÜQARQIZI












