Laçın yolunda 17 günlük aksiya - Ermənistan isə Naxçıvanı 30 ildən çoxdur ki, blokadada saxlayır
Laçın yolu ilə bağlı beynəlxalq birliyi aldatmaq cəhdi erməni həyasızlığının növbəti nümunəsidir. Hazırda ermənilərin hay-həşirləri “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” atalar məsələni yada salır. Sanki 30 il ərzində Azərbaycan ərazilərini viran qoyan, 1 milyon insanı öz yuirdlarından didərgin salan onlar deyil. 17 gündür ki, Laçın-Xankəndi yolunda keçirilən aksiya ilə əlaqədar ermənilər əl atmadığı variant yoxdur. Onlar dünyaya car çəkir ki, guya Qarabağdakı ermənilər blokadaya alınıb, Azərbaycan humanitar böhran yaradıb və s. Sanki Azərbaycanın Naxçıvan bölgəsini 30 ildən çox blokadada saxlayan Ermənistan deyil.
1990-cı illərin əvvəlində Ermənistanın yaratdığı blokadanın Naxçıvan əhalisinə nə qədər ağır təsir etdiyini, insanların hansı əziyyətlərə qatlaşdığını hamımız yaxşı xatırlayırıq. Dəmir yolunun işləməsinin qarşısı alınmışdı. Əhali işıqsız, qazsız qalmışdı. Sonradan ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasəti nəticəsində qonşu dövlətlərlə danışıqları nəticəsində Naxçıvan təbii qaz və elektrik enerjisi ilə təmin olundu, bölgənin sosial-iqtisadi inkişafı üçün lazımi addımlar atıldı. Halbuki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında ən sərfəli kommunikasiya indiki Ermənistan ərazisindən təxminən 40 kilometrlik yoldur. Torpaqlarımız işğaldan azad olunduqdan sonra Zəngəzur dəhlizinin 132 km-lik hissəsi bərpa edilir. 2024-cü ilə qədər işlərin başa çatacağı nəzərdə tutulur. Lakin Ermənistan öz hissəsinə aid kiçik bir hissədə heç bir iş görmür. Halbuki, 10 noyabr birgə bəyanatına əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişə, təhlükəsizliyə təminat vermək Ermənistanın öhdəliyidir. Paşinyan və onun komandası iddia edir ki, birgə bəyanatda bu yolla bağlı “dəhliz” ifadəsi işlədilməyib və söhbət yalnız Laçın dəhlizindən gedir. Amma onlar Naxçıvana münasibətdə “maneəsiz gediş-gəliş” ifadəsini nədənsə “unudurlar”. Axı maneəsiz gediş-gəliş elə dəhliz anlamına gəlir. Çünki yolda gömrük və s. nəzarəti olmamalıdır. Erməni tərəfi Naxçıvana dəhliz verilməsini ölkənin suverenliyinə təhdid kimi görür. Onların məntiqi ilə yanaşsaq, Laçın dəhlizi də bizim ölkəmiz üçün təhdid deyilmi? Belə olan halda, ay ermənilər, xeyir ola, biz niyə dövlətimizə təhdid yaratmalıyıq? Siz necə Meğridə sərhəd, gömrük postu yaratmaq istəyirsiniz, biz də Laçın yolunda sərhəd və gömrük postu yaradaq. Belə daha düzgün deyilmi?
Məsələnin mahiyyətindən çox da kənarlaşmadan, onu qeyd edtmək lazımdır ki, ermənilərin Laçın yolu şousunun fonunda, biz Naxşıvanın Ermənistan tərəfindən gerçək blokadasını beynəlxalq birliyin gündəminə çıxarmalıyıq. Bu yöndə həm dövlətin diplomatiyası, həm də vətəndaş cəmiyyəti daha fəal işləməlidir. Ermənistan Fransanın əli ilə Laçın yolu məsələsini BMT Təhlükəsizlik Şurasına çıxardı. Hazırda Azərbaycanın neft və qazla təmin etdiyi ölkələr, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər də TŞ üzvləri sırasında yer alır. Onların birinin vasitəsilə biz də 30 ildən çoxdur ki, Naxçıvanın Ermənistan tərəfindən blokadası məsələsini Təhlükəsizlik Şurasında müzakirəyə çıxara bilmərikmi? Yəqin ki, dövlətimiz bu məsələləri daha yaxşı bilir. Amma Ermənistanın havadarlarının, erməni lobbisinin hücumları qarşısında bu məsələnin yaxın zamanlarda gündəmə gətirilməsi daha yaxşı olardı.
Nardar BAYRAMLI












