"İran ərazilərimizin talan olunmasında fəal iştirak edib" - Deputat

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qeyri-qanuni olaraq faydalı qazıntılar hasil edən “Base Metals” şirkətinin rəhbərliyi mədənlərin fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.
Məlumata görə, şirkət fəaliyyətləri ilə bağlı ekoloji ekspertiza keçirmək üçün beynəlxalq təşkilatlara müraciət edəcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, bu mədənlərin fəaliyyəti dayandırılmalı idi.
“Təkcə dayandırılmaq ilə kifayətlənmək, məncə doğru deyil. Bu, bizi qane etmir. Azərbaycan ərazisində uzun illər müddətində qeyri-qanuni olaraq icazəsiz faydalı qazıntıların talanı ilə məşğul olan şirkətlər, - təbii ki, burada söhbət təkcə erməni şirkətlərindən, yerli şirkətlərdən getmir - eyni zamanda müəyyən xarici dövlətlərin şirkətləri bu talanda iştirak ediblər və indi də edirlər. Hesab edirəm ki, Azərbaycana vurulan zərər hesablanmalıdır və dəymiş ziyan həmin şirkətlər tərəfindən ödənilməlidir. Azərbaycan qanunlarını pozduqları, qeyri-qanuni fəaliyyətlə məşğul olduqları üçün onlara mütləq qanunlarımızla cinayət işi qaldırılmalıdır”, - deyə deputat vurğuladı.
Elman Məmmədov qeyd etdi ki, bu məsələdə birmənalı olaraq Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirən vətəndaşlarımıza təşəkkür etməliyik:
“Bu nəticəyə onların israrlı təkidləri ilə nail olundu. Bu, davam etdirilməlidir. Burada məsələ təkcə yeraltı sərvətlərimizin talanması ilə yox, eyni zamanda yeraltı və yerüstü sərvətlərimiz, ekoloji fəlakət törədən hansı məsələlər varsa, bu illər ərzində nə baş veribsə, Azərbaycana nə qədər zərər vurulubsa, kimlər tərəfindən həyata keçirilibsə, hamısı araşdırılmalıdır. Cənub qonşumuz da (İran - red.) ərazilərimizin talan olunmasında fəal iştirak edib. Meşələrimiz qırılıb, faydalı qazıntılarımız talan edilib. Bunların hamısının qarşısının alınması üçün tədbirlər görülməlidir”.
Nərmin VÜQARQIZI