"Bütövlükdə Naxçıvan Ali Məclisi də ləğv oluna bilər" - Fazil Mustafa
"Naxçıvanda səlahiyyətlər mənimsənilibsə, ölkə prezidenti Azərbaycan Konstitusiyasını əsas gətirərək Ali Məclis sədrinin vəzifələrini ləğv etmək hüququna malikdir. Bütövlükdə Ali Məclis də Konstitusiya ilə ləğv oluna bilər".
Bunu Redaktor.az-a Milli Məclisin deputatı Fazil Mustafa Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bir neçə səlahiyyətinin ləğv edilməsi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis edilməsi ilə bağlı fərmanlarını şərh edərkən bildirdi.
Onun sözlərinə görə, Ali Məclis sədrindən səlahiyyətlərin alınması Konstitusiyaya tam uyğundur:
"Yəni Konstitusiyadan kənar hansı səlahiyyətlər mənimsənilibsə, onlar mütləq sədrin səlahiyyətlərindən alınmalıdır. Bu, çox güman ki, səlahiyyətli nümayəndənin səlahiyyətlərini genişləndirmək məqsədilə atılan addımdır və addım da hüquqi cəhətdən kifayət qədər əsaslandırılıb. Çünki Konstitusiyanın bir sıra müddəaları Məclisin səlahiyyətlərinə aid edilməklə pozulub. Əslində belə olmamalıdır. Bu baxımdan da, burada baş verən dəyişikliklər çox güman ki, qanunvericilik bazasında da müəyyən addımların atılmasını zəruri edib".
Millət vəkili hesab edir ki, ümumiyyətlə, bu məsələyə Naxçıvana və naxçıvanlılara münasibət məsələsi kimi yox, hələlik hüquq məsələsi kimi baxmaq lazımdır.
"Çünki hüququn pozulması baş verib və səlahiyyətlər Konstitusiyaya zidd olaraq bir qurumda cəmlənib. Qanunverici orqan həm də icra səlahiyyətlərini mənimsəyib və tədricən icra səlahiyyətlərini müvafiq quruma qaytarmaq lazımdır. Burada, təbii ki, baş nazirin səlahiyyətlərinə aid olan məsələlərdən söhbət gedir. Amma indi yeni institut təsis olunduğuna görə, çox güman ki, bu səlahiyyətlər icra orqanı kimi məhz ona həvalə ediləcək”, - deyə Fazil Mustafa qeyd etdi.
Həmidə İbrahimova












