Vasif Talıbovun işdən çıxarılan qardaşı kimdir? - DOSYE

 17:56 29.12.2022     323

Naxçıvan Muxtar Respublikası (MR) prokurorunun müavini Məhərrəm Talıbov tutduğu vəzifədən azad olunub.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, o, öz ərizəsi ilə işdən çıxarılıb.

Qeyd edək ki, Məhərəm Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Redaktor.az saytı Məhərəm Talıbovun dosyesini təqdim edir:

Məhərrəm Yusif oğlu Talıbov 1971-ci il martın 15-də Şərur rayonu Aralıq kəndində anadan olub, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hüquqşünaslıq ixtisasını bitirib.

1995-ci ildən 1999-cu ilədək Baş Mühafizə İdarəsinin Prezidentin Təhlükəsizliyi Xidmətinin mühaizəsiçi, 1999-cu ildən 2004-cü ilədək Naxçıvan MR Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib.

2004-cü ilin dekabr ayında Naxçıvan MR-in Prokurorluq orqanlarına işə qəbul edilib.

O, əvvəlcə Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru və böyük prokuroru vəzifələrində işləyib.

Azərbaycan Respublikası Baş prokurorunun 9 yanvar 2008-ci il tarixli əmri ilə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunub.

Məhərrəm Talıbov III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

M.Talıbov 18 mart 2002-ci il tarixdən Naxçıvan MR Boks Federasiyasına rəhbərlik edir. O, eyni zamanda Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir (modern.az).