“Azəriqaz”a edilən müraciətlərin sayı AÇIQLANDI

2022-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə ümumilikdə 1 milyon 64 min 72 müraciət daxil olub.
Redaktor.az xəbər verir ki, bunu bu gün İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək qurumda ilin yekunlarına dair keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı birdirib.
Onun sözlərinə görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 91 402 müraciət azdır: “Müraciətlərin 790 min 832-si Bakının payına düşür. Bu da keçən illə müqayisədə 94 min 24 müraciət azdır. Abşerondan 137 min 574 müraciət daxil olub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 3 221 müraciət azdır”.
X.Şimşək bildirib ki, bu il 66 min 608 müraciəıt qaz təzyiqinin aşağı olması ilə bağlı olub: “Bu da keçən illə müqayisədə 71 569 müraciət azdır. Ümumi müraciətlərin 6,39 %-i qaz təzyiqi ilə bağlı olub. Bu il qazın olmaması ilə bağlı müraciətlərin sayı 50 555 olub ki, bu da keçən illə müqayisədə 21 min 145 müraciət azdır. Bu da ümumi daxil olan müraciətlərin 4,75 %-ini təşkil edib. Qazın olmaması ilə bağlı daxil olan müraciətlərin əksəriyyəti isə aparılan təmir işləri zamanı olub ki, bununla da bağlı vətəndaşlara müvafiq izahatlar verilib”.
O qeyd edib ki, qazın olmaması ilə bağlı müraciət edən abonentlərin 1 %-i özlərinin qaz xətlərində problemlərlə bağlı olub: “2022-ci ildə qaz sızmaları ilə bağlı 59 min 724 müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 4 min 740 müraciət azdır. Bu, ötən il edilən ümumi müraciətlərin 5,6 %-ini təşkil edib”.
Həmidə İbrahimova