Milli Məclis Dünya Azərbaycanlılarına müraciət etdi

 18:54 30.12.2022     1067

Milli Məclisin payız sessiyası üçün son plenar iclasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə parlamentin müraciətinin təsdiq edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, layihəni deputat Anar Məmmədov təqdim edib.

Müraciətdə deyilir:

"Əziz soydaşlar, dəyərli həmvətənlər!

Böyük Azərbaycan xalqının milli-mənəvi bütövləşmə əzmini təcəssüm etdirən həmrəylik günü ərəfəsində hər birinizi hörmətlə salamlayırıq.

Bəşər sivilizasiyasının inkişafının indiki mərhələsi dünyanın siyasi mənzərəsinə təsir göstərən proseslərin geniş vüsət alması, millətlərin tarixi rollarının yeni məzmun kəsb etməsi ilə fərqlənir. Həyat sübut edir ki, etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilməyi bacaran xalqlar qlobal səhnədə tutduqları mövqeləri möhkəmləndirərək, hüquq və mənafelərini həyata keçirmək imkanından tam yararlana bilirlər.

Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqları ilə bir sırada dayanan Azərbaycan xalqının müasir dövrdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir. Odur ki, dünya azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin güclənməsinə, diaspor təşkilatlarının formalaşmasına, taleyin hökmü ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına qayıtmasına dəstək verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.

Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, digər lazımi tədbirlərin görülməsi xalqımızın potensialının ümummilli maraqlar naminə səfərbər edilməsinə şərait yaradır. Milli-mənəvi bütövlüyümüzün möhkəmləndirilməsi istiqamətində görülən işlər sayəsində Ulu Öndər Heydər Əliyevin elan etdiyi Azərbaycançılıq amalı soydaşlarımızın və həmvətənlərimizin şüurlarına və qəlblərinə sirayət edir.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar milli maraqlarımızın həyata keçirilməsi naminə fikir və əməl birliyimizin misilsiz əhəmiyyət daşıdığını, milli mənlik şüuru əsasında birləşməyin zəruriliyini bu gün daha dərindən dərk edirlər. Azərbaycan icmaları inkişaf edib möhkəmlənir, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunurlar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi yenilməz ordumuza dünya azərbaycanlılarının göstərdikləri mənəvi dəstək 44 günlük Vətən müharibəsində Qarabağın və Şərqi Zəngəzurun Ermənistanın 30 illik işğalından qurtarılmasına töhfə vermişdir. Xalqımızın Vətən sevgisinin, “torpaqdan pay olmaz” inancının nəticəsi olan tarixi qələbə onu müzəffər xalqa, Azərbaycanı qalib dövlətə və dünya azərbaycanlılarının qürur yerinə çevirmişdir. Qəhrəman Azərbaycan əsgərinin sıldırım qayaları aşaraq azad etdiyi Şuşada 2022-ci ilin aprel ayında keçirilən Dünya azərbaycanlılarının Zəfər qurultayı ilə bu böyük həqiqət dünyaya bir daha uca səslə bəyan edilmişdir.

Dünya azərbaycanlılarının həmrəyliyi və tarixi Vətənə bağlılığı şanlı Zəfərin davamı olan Böyük Qayıdışın da uğurla gerçəkləşəcəyinə möhkəm inam yaradır. Xalqımız əmindir ki, işğaldan azad edilmiş yerlərdə aparılan bərpa və quruculuq işləri əzəli torpaqlarımızı yenidən həyata qovuşduraraq Azərbaycanın yüksəlişinə güclü təkan verəcəkdir.

Bu gün öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayan Azərbaycan Respublikasının sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Onlar dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirməsindən məmnunluq duyurlar.

Azərbaycan Respublikası Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, bölgə xalqlarının əmin-amanlıq şəraitində yaşaması üçün mümkün olan bütün tədbirləri görür. Təəssüf ki, qisasçılıq niyyətindən əl çəkə bilməyən qüvvələr və onların dəstəkçiləri dövlətimizin sülh səylərini pozmaq üçün müxtəlif təxribatlara əl atırlar. Belə bir şəraitdə xaricdə yaşayan soydaşlarımız və həmvətənlərimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, xalqımıza və dövlətimizə qarşı qərəzli təbliğatın qarşısının alınmasında daha fəal rol oynamalıdırlar.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizədə səyləri artırmağa səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə əmin-amanlıq, xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza yeni qələbə sevincləri və nurlu gələcək arzulayırıq!".

Çıxışlardan sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi qərarı qəbul edilib.