Akif Çovdarovu azad edən hakimin DOSYESİ
Bir nüçə gündür ictimaiyyət bu səs-küylü xəbərin təsirindən çıxa bilmir: söhbət sabiq MTN generalı Akif Çovdarovun müsadirə olunmuş 30 milyonluq əmlakının geri qaytarılmasından gedir...
Müstəqil hüquqşünaslar Bakı Apellyasiya Məhkəməsində çıxarılan bu qərarı ölkənin hüquq sisteminin baltalanması kimi qiymətləndirir. Akif Çovdarovun törətdiyi ağır cinayətlərə görə yüngül cəzaya layiq görülməsi az deyilmiş kimi, həbsxanaya göndəriləndən bir müddət sonra “ömürünü başa vurmaq üzrə olan yaşlı xəstə” adı ilə azad edilməsi də belə səs-küy doğurmuşdu.
Cəmiyyət Akif Çovdarovla bağlı üçüncü xəbərin şokunu yaşayır.
Budəfəki qalmqallı qərara Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov imza atıb. O, keçmiş Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun müsadirə olunmuş əmlakını geri qaytarmaqla xeyli məşhurlaşdı.
Bəs Habil Məmmədov kimdir?
Redaktor.az xəbər verir ki, 1972-ci il təvəllüdlü Habil Çingiz oğlu Məmmədov Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alıb. 1998-ci ildə BDU-nun bakalavriat, 2002-ci ildə magistratura pilləsini bitirib.
1998-2000-ci illərdə “Aynur” kiçik müəssisəsində hüquqşünas işləyib.
2000-2008-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində iclas katibi olub.
2008-2018-ci illərdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi işləyib.
2018-ci ildən hal-hazıradək Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə ağır cinayətlərdə ittiham olunaraq 12 il müddətinə həbsə göndərilmişdi.
O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Çovdarov 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə azadlığa çıxıb.