"Azəriqaz"dan Bakıdakı partlayışla bağlı AÇIQLAMA
"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində daha üç mənzilə və liftin şaxtasına da ziyan dəyib, qaz təminatı tam dayandırılıb".
Redaktor.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev jurnalistlərinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda "Azəriqaz" aid olan məsələlərlə bağlı işlər yerinə yetirilir: "Binada təhlükəsizlik qaydalarına tam əməl olunduqdan və kəmərlər yoxlanıldıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra binaya qazın verilişi bərpa olunacaq. İlkin olaraq, ehtimal edirik ki, hadisə qaz sızmasından baş verib. Hadisə zamanı digər üç mənzilə və liftin şaxtasına da ziyan dəyib".
Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.
Hadisə nəticədə nir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.