Xankəndi-Laçın yolunda etiraz aksiyası 26 gündür davam edir 

 08:57 06.01.2023     311

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi altı gündür davam edir.

Redaktor.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb (report).