Faciəyə səbəb olan qəhrəman geyimləri...

 17:45 09.01.2023     2809

Müasir dövrdə uşaqların izlədiyi cizgi filmləri hər gün bir az daha onun həyatına daxil olur. Uşaq artıq özünü o personajlardan biri kimi hesab etməyə başlayır.

Bəzən valideynlər həmin cizgi filmi xarakterlərinin geyimlərini uşaqlarına hədiyyə edirlər. Kənardan çox məsum görünən bu addım əslində xəyal dünyasında yaşayan uşaqları böyük təhlükəyə atır.

Məsələn, “hörümçək adam” kostyumu geyinən uşaq özünün də bu qəhrəman kimi “super güclər”inin olduğunu düşünərək özünü yüksəklikdən atır və s.

Hətta ötən il Gürcüstanda 4 yaşlı uşaq “Hörümçək adam” paltarı geyinərək özünü 8-ci mərtəbədən atıb. Uşaq təcili yardım işçilərinə “Mən özüm uçdum” deyib.

Azərbaycanda isə tanınmış blogerlərdən birinin uşağı "hörümçək adam" kostyumunu geyinib özünü evdə divanın başından atıb.

Mövzu ilə bağlı psixoloq Nərgiz Süleymanlı Redaktor.az-a açıqlamasında qeyd etdi ki, uşaqlar özlərini birbaşa qəhrəmanlara bənzədərək faciələrə səbəb ola bilər.

“Ümumilikdə bu tip cizgi filmlərinə yaşlarına uyğun olmayan bir dövrdə baxmaqları məsləhət deyil. Təbii ki, burada da idarə valideyndədir. Mütləq çalışmaq lazımdır ki, yaş məhdudiyyəti nəzərdə tutulsun. Bir də hansı ki, cizgi film deyil də, daha çox həmin qəhrəmanların, hansı ki oyuncaq versiyaları olur, onları da valideynlər heç fikir vermədən övladlarına alırlar. Bunların da fəsadları çoxdur. İstər filmlər, animasiyalar, istərsə də, oyuncaqlar, oyunlar, hansı ki, planşetdə, telefonda daha əlçatandır, hər birində bu qəhrəmanları uşaqların gözündə ilahiləşdirməmək lazımdır. Mənfi tərəfləri həddindən artıq çoxdur. Bu, həm yoldaşları ilə, həm də sosial çevrələrində münasibətdə uşaqların davranışlarında böyük rol oynayır”, - deyə o bildirdi.

Nərmin VÜQARQIZI