Tarix İnstitutunda yeni TƏYİNATLAR
Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub.
Bu barədə Redaktor.az-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun xususi iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətində struktur islahatlarının əsasən başa çatdığını, həmin islahatların Akademiyanın elmi-tədqiqat müəssisələrini də əhatə etdiyini bildirib.
Ölkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Qərbi Azərbaycanla bağlı səsləndirdiyi çağırışları diqqətə çatdıran AMEA rəhbəri tarixçi alimlərin bu istiqamətdə həlli zəruri olan bir sıra vacib məsələlərin müəyyən olunduğunu vurğulayıb. Qərbi Azərbaycanın tarixi coğrafiyasının yazılması, atlasının hazırlanması, bu regionda həyata keçirilən deportasiyaların və erməni təcavüzünün mahiyyəti və sair kimi məsələlərin tədqiqi diqqət mərkəzinə çatdırılıb. İclasda eyni zamanda Azərbayacan tarixinin qədim dövrünün və müstəqillik məthələsinin araşdırılması ilə əlaqədar aktual məsələlərdən də bəhs olunub.
Azərbaycan tarixinin öyrənilməsinə dair yeni çağırışların həyata keçirilməsi üçün institutda xüsusi islahatlar aparılıb və yeni vəzifələrə təyinatlar olub. Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev institutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov yeni yaradılan Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İkram Ağasiyev isə Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri vəzifələrinə təyin olunublar.
AMEA rəhbəri çıxışının sonunda ölkə başçısının çağırışlarını əsas götürərək Qərbi Azərbaycanla bağlı tədqiqatların genişləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb və elmi-tədqiqat müəssisəsində yeni yaradılan Qərbi Azərbaycan şöbəsinin əməkdaşlarına tövsiyə və tapşırıqlarını verib.
Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov elmi-tədqiqiat müəssisəsinə göstərilən diqqət və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlığını bildirərək qarşıya qoyulan yeni vəzifələrin öhdəsindən bacarıqla gələcəklərini, ölkə başçısının çağırışlarına əməli fəaliyyətləri ilə cavab verəcəklərini bidirib.