Bakıda sürüşkən tametlər piyadalar üçün təhlükə yaradır
Gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar.
Bakı Şəhər İcra Hakimiyyətindən Redaktor.az-a bildirilib ki, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib. İşlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.
Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlır.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi məlumatın əksinə olaraq, müşahidələrimizə görə paytaxtda xüsusilə səkilər, keçidlərdəki pilləkənlərin hamısı qardan təmizlənməyib. Nəticədə səkilərə, parklara, piyada keçidlərinə vurulan sürüşkən tamet daşları və metlax səbəbindən qar örtüyünün üzərinə çıxan piyadalar ya yıxılıb xəsarət alırlar, ya da belə təhlükə ilə üz-üzə qalırlar.
T.İSMAYIL