"Gənclər idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar" - İlham Əliyev

 13:08 09.01.2023     274

"Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır".

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

"Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir.

Bu Oyunları biz izləmişik və əfsuslar olsun yenə də qeyd etməli oluruq ki, hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum etmişdir. Buna baxmayaraq, bu böyük nailiyyət, - mən bunu qələbə hesab edirəm, - bir daha Azərbaycan idmanının gücünü təsdiqləyir və göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Çünki 5 il əvvəl Bakıda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir - yəni, o mənada ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır", - Prezident qeyd edib.