Qızıl Xaç Bakıdakı erməni əsirlərə baş çəkdi

 13:29 09.01.2023     357

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ofisinin nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlərə baş çəkiblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.

"Erməni əsirlərə növbəti başçəkmə dekabr ayında baş tutub", - Amatuni bildirib.

Onun sözlərinə görə, əsirlərə əvvəlki kimi bu dəfə də yaxınları ilə əlaqə saxlamaq - məktub göndərmək, telefon və video zənglər vasitəsilə danışmaq imkanı yaradılıb. BQXK nümayəndələri onların sağlamlıq vəziyyətini və saxlanma şəraitini də qiymətləndiriblər.

"Ümid edirik ki, artıq formalaşmış təcrübə və tezliyə uyğun olaraq növbəti başçəkmələrin mümkünlüyü davam edəcək", - Amatuni bildirib.

Amma o, növbəti başçəkmə tarixinin əvvəlcədən açıqlanmadığını vurğulayıb.Laçın dəhlizi ətrafında yaranmış vəziyyətə gəlincə, Amatuni BQXK-nın tərəflərlə birbaşa təmasda olduğunu vurğulayıb. Onun sözlərinə görə, lazım gələrsə, Qarabağdan Ermənistana ağır xəstələrin operativ şəkildə çatdırılması üçün tədbirlər görülür.

“Sputnik Ermənistan” yazıb ki, rəsmi Bakı 33 erməni hərbi əsir və mülki vətəndaşın olduğunu təsdiqləyib. Rəsmi İrəvan isə bu rəqəmin daha çox olduğunu iddia edir (modern.az).