Bəzi yollarda hərəkət olduqca təhlükəlidir - DYP rəsmisi AÇIQLADI

 15:32 09.01.2023     390

Ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir.

Bəs şaxtalı havada sürücülər nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Redaktor.az-a bildirdi ki, bu gün respublika ərazisində məhdudlaşdırılan hər hansı bir yol yoxdur:

“Dünən gecə saatlarından etibarən Baş Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Eyni zamanda paytaxt ərazisində Bakı Şəhər İcra Hakimiyyətinin, respublika yollarında da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə, həmçinin çoxsaylı texnikaların cəlb olunması ilə yolların təmizlənməsi həyata keçirilir”.

Həmçinin şöbə rəisi şaxtalı hava ilə bağlı sürücülərə tövsiyələr verdi:

“Biz bütün sürücülərə tövsiyə edirik ki, nəqliyyat vasitəsinin texniki sazlığı varsa, xüsusən də əyləc sistemi nasazdırsa, eyni zamanda, şinləri mövsümi xarakter daşımırsa, yəni qış şinləri yoxdursa, belə nəqliyyat vasitələri ilə yola çıxmasınlar. Bundan əlavə, ümumiyyətlə bütün sürücülərdən xahiş edirik ki, əgər zərurət yoxdursa, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər”.

Polis mayoru onu da qeyd etdi ki, respublika ərazisində bəzi yollarda hərəkət olduqca təhlükəlidir:

“İsmayıllı-Şamaxı yolunun müəyyən bir hissəsi var ki, onlar yük avtomobilləri və sərnişin daşıyan avtobuslar üçün təhlükəli olduğu üçün bizim əməkdaşlar həmin nəqliyyat vasitələrinə alternativ yol müəyyən ediblər və həmin nəqliyyat vasitələri patrul avtomobillərinin müşayiəti ilə alternativ yoldan istifadə edirlər.

Həmçinin postlarda əməkdaşlara müvafiq göstərişlər vermişik ki, nəqliyyat vasitələrinin sürücülərini saxlayıb onlarla maarifləndirici söhbətlər aparsınlar. Eyni zamanda, nəqliyyat vasitələrinin şinləri əgər yolda hər hansı bir təhlükə yaradacaq formada yeyilirsə və yaxud da, yay mövsümü şinləridirsə, belə halda həmin sürücülər alternativ yollara istiqamətləndirilsin. Hazırda bizim əməkdaşlar aidiyyəti qurumların xüsusi texnikaları və şəxsi heyəti ilə birgə yolların təmizlənməsini həyata keçirirlər və bu proses fasiləsiz olaraq davam etdiriləcək. Eyni zamanda, yolda qalan sürücülərə DYP əməkdaşları tərəfindən köməklik göstərilir və bununla bağlı da təbii ki, tədbirlərimiz mütəmadi davam etdiriləcək”, - deyə R.Tağıyev əlavə etdi.

Nərmin VÜQARQIZI