Qarabağda şəhid olan qazax balası haqqında BALLADA

 15:56 09.01.2023     934

Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızın arasında bir çox millətlərin nümayəndələri var. Onların demək olar ki, əksəriyyəti Azərbaycan vətəndaşı olaraq Qarabağda gedən döyüşlərdə iştirak edib. Lakin bir çox türk qardaşlarımız da Azərbaycanın bu haqlı savaşında igidlərimizlə çiyin-çiyinə vuruşub. Onlardan biri də öz vətənini tərk edib, ailəsindən və sevdiklərindən xəbərsiz uzaq Qazaxıstandan gəlib, türk qardaşları ilə türk ulusu uğrunda düşmənə qarşı döyüşlərdə qəhrəmancasına şəhid olmuş Yerbol Barimbetovdur.

Milliyətcə qazax olan Yerbol Barimbetov 1 iyun 1974-cü il tarixində Qazaxıstanın Luqovski rayonunun Koraqatı kəndində doğulub. 1994-cü ilin aprelin 20-də isə şəhidlik zirvəsinə yüksəlib.

Bir necə gün əvvəl şəhidin döyüş yoldaşları, Qazaxıstandan gəlmiş araşdırmaçı jurnalist Nəsihət Qumarqızı Bakıda Şəhidlər Xiyabanında qəhrəmanın  məzarını ziyarət etdilər. Şəhidin məzarı üstünə güllər düzüldü və ruhuna dualar oxundu.

Qarabağın cənubunda 776-cı hərbi hissədə Yerbolla birgə xidmət etmiş keçmiş döyüşçülər 1994-cü ildə Azərbaycanı erməni təcavüzkarlardan qorumaq üçün Bakıya gəlmiş və ordumuzda xidmətə qəbul edilmiş qazax gəncdən danışdılar.

Bildirildi ki, Azərbaycan ordusunda kəşfiyyatçı kimi xidmətə başlayan Yerbol Murovdağda və Tərtər-Ağdərə zonasında döyüşüb. 1993-cü il mayın 2-də Bakıya 472-ci kəşfiyyat batalyonunda xidmətə göndərilib, həmin batalyonla birlikdə dövlət əhəmiyyətli bir çox əməliyyatlarda iştirak edib. Kəşfiyyat qrupuna rəhbərlik edib, 8 dəfə düşmənin arxa cəbhəsində tapşırıqları yerinə yetirib.

Bu hərbi hissə ləğv edildikdən sonra Yerbol ayrıca 776 saylı xüsusi təyinatlı əlahiddə batalyona keçiriblər. 1994-cü ilin fevralından hissəTərtər-Ağdərə zonasında döyüşüb və Yerbol kəşfiyyat qrupunun komandiri olub. 1994-cü ilin martında bir qrup kəşfiyyatçı pusquya düşüb, Yerbol qrupu xilas edərkən ağır yaralanıb. O təxliyə edilərək Tərtər xəstəxanasına aparılıb. Lakin dostlarının döyüşə girdiyini öyrəndikdən sonra tam sağalmadan hərbi hissəyə qayıdıb.

1994-cü ilin aprelində təcavüzkar Tərtər rayonunu işğal etmək məqsədilə hücuma keçib. 776 saylı hərbi hissə düşmənin planını puça çıxararaq qəhrəmancasına vuruşub. Aprelin 15-də ali baş komandan Heydər Əliyev bu hissənin xidmətlərini qeyd edib. Aprelin 20-də isə döyüşdə, düşmənin arxa cəbhəsində Yerbol qəhrəmancasına həlak olub.

1992-ci ildə 18 yaşlı Yerbol Karaqanda Universitetinə daxil olmaq istəyib, lakin bacarmayıb və Kokçeqay şəhərində sovet desant briqadasına xidmətə çağırılıb. 1993-cü ildə bu, artıq Qazaxıstan ordusu idi. O, gizirlə münaqişədən sonra qərarını heç kimə demədən oranı tərk edib. Vətəndə Yerbolu ordunu özbaşına tərk etmiş, sonra isə itkin düşmüş hesab ediblər. Ailədə isə onun sağ olduğuna inanmaq istəyiblər.

Qəhrəmanın qardaşı Nurbol Barimbetov bir müddət əvvəl Bakıda olarkən o günləri belə xatırlayırdı

"Uzun illər Yerboldan xəbər olmadı. Günlərin birində hərbi komissarlıqdan zabit gəldi və dedi ki, Azərbaycanda I Qarabağ Müharibəsinin veteranları qəhrəman şəhid Yerbol Barimbetovun qohumlarını axtarırlar.

Ailə sona qədər ümid edirdi ki, qardaşım sağdır. Anam falçıya gedirdi. 1993-cü il mayın 7-də Yerbol evə zəng edərək dedi ki, ayağından yaralanıb, Xanlar şəhərində hərbi hospitaldadır. O xahiş etdi ki, anama deyim ki, narahat olmasın. Onu tapmağa çalışdıq, Müdafiə Nazirliyilə əlaqə saxladıq, amma o vaxt axtarışlar heç bir nəticə vermədi. Azərbaycanla indiki kimi əlaqələr yox idi".

Döyüş yoldaşlarının sözlərinə görə, Yerbol qorxmaz döyüşçü olub. Onun xidmət etdiyi hərbi hissənin sayəsində ermənilər Azərbaycanı iki yerə bölmək və kapitulyasiyaya məcbur etmək üçün Kürdəmir yoluna çata bilməyiblər. Yerbolun da daxil olduğu kəşfiyyatçılar qrupu tapşırıqlardan birini yerinə yetirərkən 10 gün arxa cəbhədə qalıb, onun meşə ərazisində hərəkət etmək qabiliyyəti sayəsində qrup tapşırığı yerinə yetirərək öz yoldaşlarının yanına qayıdıb, halbuki, yoldaşları onların həlak olduğunu düşünürmüş.

776-cı hərbi hissənin zabitləri -qəhrəman Yerbol Barimbetovun adının əbədiləşdirilməsini borc bilirlər.  Qazax gənc 20 illik ömrünün son 2 ilini Azərbaycana verib.

Zabitlər Yerbol Barimbetova şəhid statusunun verilməsi, həmçinin qəhrəmanın ölümündən sonra onun orden, medalla təltif edilməsi, adının Azərbaycanda məktəbə və ya küçəyə verilməsi xahişilə Azərbaycan Müdafiə Nazirliyinə və digər dövlət idarələrinə müraciət ediblər. Zabitlərin müraciətinə müxtəlif instansiyalarda baxılır.

Tunar Altunbay