"Televiziya rəhbərləri bu məsələdə diqqətli olmalıdır” - Qulu Məhərrəmli

 17:15 09.01.2023     372

Milli Məclisin deputatı Fazil Mustafa öz feysbuk hesabında televiziya rəhbərlərinə müraciət edərək tabeçiliklərində olan jurnalistlərə dini cahilliyi təbliğ edən verilişlərin, sujetlərin yayılmamasını xahiş edib.

“Adam bir ziyarətgahı göstərib deyir ki, burada 5-ci imamın bacısının qızı dəfn olunub, adamlar gəlib burada şəfa tapırlar. Digər süjetdə də göstərilən məzarlarda ya peyğəmbərin xalası nəticəsi, ya da 6-cı inamın əmisi uşağı yatır, cahil insanlar da buranı pirə çeviriblər. Adam axtarsa heç özünün üç arxa dönəni müəyyənləşdirə bilməz, elə inamla deyir ki, sanki peyğəmbərin və imamların qohum əqrabalarının çoxu ölməyə Azərbaycana gəlib. Burdan bura Rusiyada sürgündə dünyasını dəyişmiş böyük aydınımız Yusif Vəzir Çəmənzəminlinin məzarını tapa bilmirik, bunlar haçansa bura ərə gəlmiş məchul bir xanımın məzarı üstündə məqbərə tikib, imamın xalası nəvəsi kimi məzarına səcdə etməyə gedirlər. Xalqımızın əhəmiyyətli hissəsinin cahillik mazoxizmini həyat tərzinə çevirməsi bir reallıqdır, ancaq bunu ciddi informasiya kimi televiziyalar tirajlamamalıdır. Çünki təcrübə göstərir ki, bu cür elmi və mənəvi dəyəri olmayan təbliğata inananlar həmişə çox olur”,-deyə deputat bildirib.

Bəs, bu cür verilişlərin yayılması düzgündürmü? Dini cahilliyi təbliğ edənlərə cəza verilməlidirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar jurnalist, televiziya tənqidçisi, professor Qulu Məhərrəmli bildirdi ki, Fazil Mustafa çox aktual, vacib bir məsələyə toxunub.

Onun sözlərinə görə, din mövzusunda veriliş hazırlayarkən istər radioda, istər televiziyada, hətta qəzetdə, saytda o müəlliflər, reportyorlar haqqında danışdıqları məsələni obyektiv və hərtərəfli işıqlandırmalıdırlar.

“Ciddi şəkildə məsələni öyrənməlidirlər. Mən də o posta şərh yazmışam və mənim fikrimcə, bütün mövzularda verilişlər etmək olar. Yəni çox az sahə var ki, onda məhdudiyyət qoyula bilər. Dini mövzuda da verilişlər yayıla bilər. Çünki bu, birbaşa insan ruhu ilə bağlı olan məsələdir. Amma biz dini mövzuda veriliş, süjet hazırlayanda o mövzunu çox dəqiq, dərindən araşdırmalıyıq. Dini mövzu həssas mövzudur. Ona görə, yəni bunu belə çox üzdən, bayağı şəkildə təqdim etmək olmaz. O ziyarətgahların, müqəddəs yerlərin adları çəkilərkən, məkanları qiymətləndirilərkən doğru, dəqiq, tarixi, dini, fəlsəfi yanaşma dürüst olmalıdır. Yəni bu, bir fərdin subyektiv fikri kimi təqdim olunmamalıdır. Çünki o cür fikirlər əsassız olanda yanlış təsəvvür yaradır. Söhbət bundan gedir”.

Qulu Məhərrəmli jurnalistikada peşəkarlıq məsələsinə də toxundu.

“Məsələn, dini mövzunu işıqlandırarkən, hansı məsələlərə diqqət yetirilməlidir? Təbii ki, birinci növbədə mövzu yaxşı və dərindən öyrənilməlidir. Ziddiyyətlər varsa, onların səbəbləri aşkar göstərilməlidir. Dini təmayüllərlə bağlı danışarkən mövcud biliklərdən istifadə olunmalıdır. Yoxsa “Mən bunu belə görürəm, heç bir hazırlığım yoxdur, xüsusi yanaşmam, dərin biliklərim yoxdur. Bu sahədə mövcud biliklərdən bəhrələnməmişəm. Amma mən dini mövzuda danışıram”, belə olmaz. Yəni bunun məğzi ondan ibarətdir ki, jurnalistlər, televiziya rəhbərləri bu məsələdə diqqətli və həssas olmalıdırlar”, - deyə o, qeyd etdi.

Həmidə İbrahimova