"Maska insanları həm də vərəm, qrip və digər infeksiyalardan qoruyur" - İnfeksionistdən ÇAĞIRIŞ

 17:25 09.01.2023     471

Koronavirusun geniş vüsət aldığı zamanlarda maska taxmaq respublika üzrə məcburi idi. Qadağaların yumşalmasından sonra insanlar artıq maska taxmaqdan imtina etdilər.

İndi vəziyyət o həddə çatıb ki, ictimai nəqliyyatda sıxlıq olduqda nəinki sağlam insanlar, heç asqıran, öskürən və ya digər qrip simptomları olan şəxslər də maskadan istifadə etmirlər. Halbu ki, yaxın keçmişdə insanlar maska ilə yaşamağa uyğunlaşmışdılar.

Maraqlıdır, xəstə insanlar nə üçün maska taxmırlar?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən infeksionist Mərdan Əliyev dedi ki, bu insan psixologiyasından irəli gələn bir davranışdır. O, qeyd etdi ki, maska taxmaq məcburi olanda cərimələr də var idi və ona görə insanlar maskalardan istifadə edirdilər:

"Cərimələr olunan zaman hətta mən fikir verirdim, maşında bir nəfər otururdu, o da maska taxırdı. Amma əslində tək oturanda maskaya ehtiyac yox idi. Amma hər kəs elə cəriməyə görə taxırdı. Sonradan pandemiya bitməmiş bu qərar ləğv olundu. Səhiyyə Nazirliyi tərəfindən tövsiyə xarakterli oldu ki, maskalar istifadə olunsun. Amma cərimələr ləğv olundu və heç kəs maska taxmadı. Yəni biz nə qədər də bildirdik, tövsiyə etdik ki, maskadan istifadə etmək lazımdır, xəstəxanaya girəndə maskadan mütləq istifadə etmək lazımdır, amma xəstələr yenə bizim yanımıza maskasız gəlirdilər. Biz onlara görə məcbur olub qapıya bir adam qoymuşduq ki, gələnlərə maska paylasın. Yəni özü maska taxan, indiyə qədər də cibində maska gəzdirən məsuliyyətli şəxslər də var. Amma əksəriyyət istifadə etmir. Bu da təbii ki, biganəlikdir".

Onun sözlərinə görə, insanlar xəstə olanda maska taxmalıdırlar ki, digərlərini də yoluxdurmasınlar:

“Əgər avtobusa bir xəstə girirsə, o zaman orada ən azı 20 nəfəri yoluxdurur. Maska taxarsa heç kəsi yoluxdurmur və başqalarını yoluxduranlar da təkrar gedir bir başqasını, ətrafımızı, qohum-əqrəbamızı, dostlarımızı yoluxdurur. Onlar da bizim uşaqlarımızı və yaxud da bizə gəlib özümüzü, ailə üzvlərimizi yoluxdururlar. Ona görə, bu, zəncirvari bir prosesdir. Maskadan mütləq şəkildə istifadə olunmalıdır. Maskadan tək koronavirusa görə istifadə edilməməlidir, o, həm də tənəffüs yollarını qoruyan gigiyenik vasitədir. Həmçinin vərəm, koronovirus, qrip və digər kəskin respirator virus infeksiyalarından insanları qoruyur.  Xüsusən də, pandemiya dövründə mütləq şəkildə maskadan istifadə etmək lazımdır. Misal üçün, indi mövsümü qrip infeksiyası yayılıb, ona görə heç kəs bizə dövlət tərəfindən məcburi qayda tətbiq etməməlidir ki, maska taxaq. Gərək bz özümüz ictimai nəqliyyatda maska taxaq”, - deyə M.Əliyev insanlara çağırış etdi.

Nərmin VÜQARQIZI