Gəncədə pişiyi asıb öldürəni gözləyən cəza məlum oldu - FOTO

 18:35 09.01.2023     664

Yenə olduğu kimi, bu dəfə də heyvanlara qarşı amansız rəftar olunan hadisəylə üzləşdik. Dünən Gəncədə pişiyin ipdən asılaraq öldürülməsi sosial şəbəkə istifadəçiləri tərəfindən hiddətlə qarşılandı. Hər kəsin istifadə etdiyi bir cümlə var idi ki, “Bu cür əməlləri törədənlər gələcəyin cinayətkarıdır”.

Məsələ ilə bağlı Redaktor.az danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirdi ki, məsələ haqqında araşdırma aparılır.

“Qeyd edim ki, sosial şəbəkələrdə paylaşılan fotodan məlumatlıyıq. Araşdırma aparılır. Həmin əməli törədən şəxsin müəyyən olunması istiqamətində tədbirlər görülür”.

Həmin əməli törədən şəxsin və ya şəxslərin həbs olunmasının mümkünlüyü barədə suala gəldikdə isə DİN rəsmisi bildirdi ki, qanunvericilikdə bu əmələ görə həbs qətimkan tədbiri seçilmir:

“İnzibati qanunvericiliyin tələbləri var. Cəzanın orada yuxarı həddi 500 manatdır”.

Onu da qeyd edək ki, qonşu Gürcüstanda heyvanlara qarşı amansız rəftar zamanı bir ilədək islah işləri cəzası müəyyən olunub. Rusiyada isə 6 ayadək azadlıqdan məhrum etmə və iri məbləğdə cərimə nəzərdə tutulub.

Həmidə İbrahimova

 

 

22