Naxçıvan Ali Məclisi qərar qəbul ETDİ

 14:35 10.01.2023     596

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası başa çatıb.

Redaktor.az xəbər verir ki, Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 4 məsələ daxil edilib.

“Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün dövlət büdcəsinin xərcləri 614 milyon 652 min 500 manat müəyyən olunub. Bunun 132 milyon 222 min manatı Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri hesabına, 482 milyon 430 min 500 manatı isə Naxçıvana ayrılan dotasiya hesabına tənzimlənəcək”.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ona hədəflənib ki, muxtar respublika dotasiyadan asılı olmasın və mümkün qədər özü özünü maliyyələşdirsin”.

Bu fikirləri altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından sonra jurnalistlərə müsahibəsində Ali Məclisin deputatları Anar İbrahimov və Ehtimad Məmmədov bildiriblər.

Qanunverici orqanın sessiyasına Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin deputatları, aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri qatılıblar.

Ancaq ilk dəfə olaraq Naxçıvan Ali Məclisinin sessiyasında 28 ildən sonra sabiq sədr, 7 saylı Aralıq Seçki Dairəsinin deputatı Vasif Talıbov və onun oğlu 25 saylı Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Seymur Talıbov iştirak etməyiblər.

Müzakirələrdən sonra toplantının gündəliyinə daxil edilən məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, 2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. O, 1995-ci ilin dekabrın 16-dan bu günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.

Ötən ilin dekabrın 22-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.