Sərnişin avtobusda "ağzımızdan duman çıxırdı" deyir - Şirkət isə...

 17:43 10.01.2023     458

Paytaxtda davam edən qarlı hava şəraiti nəqliyyat sahəsində bir sıra problemləri ortaya çıxarıb. 

Oxucularımızın saytımıza verdiyi məlumata görə, şəhər daxilində və şəhərdən kənara hərəkət edən bir sıra avtobuslarda istilik sistemləri yaxşı işləmir. Onların sözlərinə görə, daimi istifadə etdikləri avtobuslarda istilik sistemi olduqca zəif işləyir.

“Hər gün 9 və 202 nömrəli avtobuslardan istifadə edirəm. Düzdür, istilik sistemi işləyir, amma işləməsə ondan yaxşıdır. Dünən 9 nömrəli avtobusda nəfəs aldıqda ağzımızdan duman çıxırdı”,- deyə oxucumuz bildirib.

Şikayətlə bağlı 9 nömrəli marşrut xəttinin tabe olduğu “Xaliq Faiqoğlu” şirkəti ilə əlaqə saxladıq.

Şirkətin mətbuat xidmətindən Redaktor.az-a bildirildi ki, avtobusların istilik sistemi ilə bağlı heç bir problem yoxdur:

“Bizim şirkətdə sərnişinlərin xidmətində olan bütün avtobusların hava isitmə sistemləri işlək vəziyyətdədir”, - deyə məlumatda qeyd edilib.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə də əlaqə saxladıq. Agentlikdən bildirildi ki, regional mərkəzdən xəttə çıxan bütün avtobuslarda istilik sistemləri işlək vəziyyətdədir. 

“Axşam reysdən sonra da avtobuslar yoxlanılacaq”.

Nərmin VÜQARQIZI