Masazır sakinləri 517 nömrəli marşrutdan şikayətlənir
Yanvar ayının 9-dan etibarən paytaxtda davam edən qarlı və şaxtalı hava avtobuslarda yaranan problemləri qabarıq şəkildə büruzə verib.
Belə ki, “Yeni Bakı” şəhərciyindən Xırdalan dairəsi və əksi istiqamətində hərəkət edən 517 nömrəli marşrut avtobusların hərəkətində problemlər yaranıb.
Masazır kənd sakinlərinin sözlərinə görə, avtobuslar arasında interval olduqca uzun olub.
“Bu gün Allaha şükür, heç olmasa avtobus yarım saata olsa da gəlib çıxırdı. Dünən – ayın 9-u ümumiyyətlə avtobusun izi-tozu yox idi. Kənddən məktəbə gedən uşaqlar dərsə ya piyada getdilər, ya da avtobus gözləməkdən üşüyüb evlərinə qayıtdılar”, - deyə kənd sakini Vüqar Sultanov bildirdi.
Elə əməkdaşımız Nərmin Vüqarqızı da 9 yanvar tarixində avtobusun işləmədiyinin şahidi olub.
“9 yanvar tarixində avtobus işləmirdi. Müxtəlif saatlarda evdən çıxsaq da, nə mən, nə də ailə üzvlərim avtobusdan istifadə edə bilmədik. Mən gözləməkdən yoruldum və üşüdüm, sürüşə-sürüşə birtəhər birinci dayanacağa kimi piyada getdim. Dayanacaqda heç bir avtobus yox idi, yerlər isə ağappaq idi, telefonum söndüyü üçün təəssüf ki, şəkil və ya video çəkə bilmədim”, - deyə müxbirimiz bildirdi.
Məsələ ilə bağlı sözügedən avtobus xəttinin tabe olduğu qurum - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik.
Qurumdan Redaktor.az-a bildirildi ki, 517 nömrəli marşrut xəttində avtobuslar səhər saatlarından etibarən fəaliyyət göstərməyə başlayıb.
“9 yanvar tarixində 7 avtobus sərnişinlərə xidmət göstərirdi. Tələbata uyğun olaraq xəttə çıxarılan avtobusların sayı artırılır”, - deyə məlumatda qeyd edilib.
Göründüyü kimi, rəsmi qurum problemi araşdırmaq əvəzinə, şablon cavab verməklə kifayətlənib.
Həmidə İbrahimova