Baş Prokurorluqda gənc hüquqşünasların andiçmə mərasimi keçirildi - FOTO

 12:07 11.01.2023     348

Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar öncə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyublar.

Bundan sonra Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib.

Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa arzulanıb.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bu ilki müsabiqənin nəticələrinə əsasən uğur qazanmış gənclərin andiçmə mərasiminin çox əlamətdar ildə - müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə təsadüf etməsini xüsusi qeyd edib.

Həmçinin hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin fədakar xidmətləri nəticəsində respublikamızda həyata keçirilmiş genişmiqyaslı proqramların müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlaması, SSRİ-nin süqutundan sonra müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələnməsi barədə məlumat verilib.

Ölkənin belə bir ağır dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu yeni siyasi kursun vətəndaş müharibəsi təhlükəsini aradan qaldırması və separatçılıq meyllərinə son qoymaqla, hərtərəfli dövlət quruculuğu prosesinin gerçəkləşməsinə gətirib çıxarması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ulu Öndərin siyasi kursunun və ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizin hərtərəfli və dayanıqlı inkişafı istiqamətində atılan addımlar böyük əzm və qətiyyətlə davam etdirilərək möhtəşəm uğurlara nail olunmasının, tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan, milli ləyaqət hissini bərpa edən böyük Zəfərin regionumuzda yeni geosiyasi reallıqlar yaratmaqla, Ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin Qayıdışın reallaşmasının əhəmiyyəti qeyd edilib.

Tədbirdə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunması, bu baxımdan Ölkə başçısının və birinci xanım Mehriban Əliyevanın Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirakları, şəhid ailələri ilə görüşləri, eləcə də onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fondunun həyata keçirdiyi tədbirlərin mühüm əhəmiyyətə malik olması xüsusi vurğulanıb.

Bildirilib ki, müstəqil dövlətimizdə vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq, savadlı gənclik formalaşıb. Bu gün şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə prokurorluq orqanlarında işləmək hüququ əldə etmiş gənclərin qazandığı uğurlar məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mümkün olub.

Ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunmuş hüquqşünasların Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi ölkə həyatının bütün sahələrində gənclərin daha mühüm vəzifələrə təyin edilməsi barədə Prezident İlham Əliyevin göstərişlərinin icrasının nəticələridir.

Bildirilib ki, prokurorluq orqanlarına qulluğa qəbulla bağlı 2022-ci ildə keçirilmiş 24-cü müsabiqədə namizədlərin dünyagörüşünə, məntiqi düşünmə qabiliyyətinə, xarici dil biliklərinə, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları və prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 57 gənc hüquqşünas qulluğa qəbul edilib.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənc hüquqşünasların müvafiq vəzifələrə təyin edilməsi barədə Baş Prokuror tərəfindən imzalanmış əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr Baş Prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Xanım Əşrəfova, Pünhan Eyvazov və Vətən müharibəsi iştirakçısı Əliəkbər Babayev çıxış edərək gənc mütəxəssislərin dövlət idarəçiliyində, ictimai həyatın bütün sahələrində iştirakına verilən dəstəyə görə ölkə başısına öz minnətdarlıqlarını bildirilib və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

2222