Prezident Vergi Məcəlləsində edilən dəyişikliyi TƏSDİQLƏDİ

 15:13 11.01.2023     319

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Redaktor.az xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

- 30.6.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“30.6.5. “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn vəzifələrin icrası üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);”.

- 30.6.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.6.15-ci maddə əlavə edilsin:

“30.6.15. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma).”.

***

Dövlət başçısı, həmçinin, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 644-VIQD nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 644-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:

- Müəyyən edilsin ki:

- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.6.5-ci və 30.6.15-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Məcəllənin 30.6.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

- həmin Məcəllənin 30.6.15-ci maddəsində “orqan (qurum)” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 644-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.