Məşhur mağaza nöqsanlara görə bağlandı - Video
Bakıda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırılıb.
FHN Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 ünvanında yerləşən “Avangard” ayaqqabı mağazasında yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;
- anbar otağındakı taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülməsi barədə sənəd təqdim edilməyib;
- obyekt odsöndürən balonlarla təmin olunmayıb;
- mağazanın anbar otaqları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb.
Qeyd olunanları nəzərə alaraq, “Avangard” mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub.