"Artıq bundan sonra Bakıda qara sevimli təbii nemət kimi baxa bilərik" - Deputat

 11:56 12.01.2023     382

Paytaxtın qardan təmizlənməsində ən böyük əziyyət kommunal işçilərin üzərinə düşür.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Bakıda qarlı havadan sonra görülən işlərdən danışarkən bildirdi.

"Dünən şəhərə bir az tərəddüdlə çıxmışdım. Necə olsa qarlı hava şərtlərində yolların həmişə fəlakətli durumda olmasını göz önünə gətirməliydim. Açığı xeyli təəccübləndim. İlk dəfə idi ki, yollar qara təslim olmamış, təmizlik işləri sürətlə görülmüşdü. Yolda səhər saat 11 civarında tıxacdan da əlamət yox idi. Demək ki, istəyəndə, işləyində olur. Mən şəhərin mərkəzindən söz edirəm, başqa istiqamətlərdə problemlərin olduğunu istisna etmirəm. Burada ən böyük əziyyət təbii ki, qar təmizləyən kommunal işçilərinin üzərinə düşür. Əziyyət çəkən, qısa müddətdə qarı təmizləyən, yolları sahmana salan insanlara, xüsusən də qadınlarımıza həqiqətən təşəkkür düşür", - millət vəkili dedi.

F.Mustafanın sözlərinə görə, rayon icra hakimiyyəti strukturlarının gecə-gündüz çalışmalarını da gözardı etmək olmaz:

"Bakı Şəhər İcra Hakimiyyətinin mobil təşkilatçılığı da bu dəfə xüsusi diqqət cəlb edirdi. Demək ki, vaxtında hazırlaşanda sıxıntıları minimuma endirmək mümkün olur. Artıq bundan sonra Bakıda qara sevimli təbii nemət kimi baxa bilərik".

Həmidə İBRAHİMOVA