AQTA-nın Qarabağ və Şərqi Zəngəzur regional bölmələri yaradıldı

 12:06 12.01.2023     279

Qida Təhlükəsizliyi Agentliyində (AQTA) struktur dəyişiklikləri edilib.

AQTA-dan Redaktor.az-a verilən xəbərə görə, Agentliyin mövcud olan 11 regional bölməsi iqtisadi rayonların yeni bölgüsünə uyğun formalaşdırılıb.

Bununla əlaqədar olaraq, işğaldan azad edilmiş əraziləri də əhatə edəcək Qarabağ və Şərqi Zəngəzur, həmçinin Mil-Muğan regional bölmələri yaradılıb. Qarabağ və Şərqi Zəngəzur regional bölmələrinin yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirlərinin görülməsi, o cümlədən həmin ərazilərə köçürüləcək əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaratmaqdan ibarətdir.

Dəyişikliklərə əsasən, Bərdə rayonunda yerləşən Qarabağ regional bölməsi Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını, Zəngilan rayonunda yerləşməsi nəzərdə tutulan Şərqi Zəngəzur regional bölməsi isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edir.

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Agentlik tərəfindən ölkəyə idxal-ixrac olunan mallara nəzarəti həyata keçirmək üçün sərhəd keçid məntəqələrinə yaxın ərazilərdə “Qida təhlükəsizliyi nəzarəti məntəqələri” qurulmaqdadır. Gələcəkdə burada beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti zonalarının yaradılması planlaşdırılır.