Paytaxtda quraşdırılan eskalatorlar niyə işləmir? - AÇIQLAMA

 13:33 13.01.2023     840

Paytaxtın yol qovşağında yerləşən bəzi yeraltı piyada keçidləri var ki, şəhər sakinlərinin, xüsusilə də, yaşlılara, hərəkət məhdudiyyəti olanlara və uşaqlı insanlara çətinliklər yaradır.

Belə ki, “Bayıl dairəsi” adlanan ərazidə yerləşən yeraltı keçiddə quraşdırılan eskalator uzun müddətdir işləmir. Həmçinin "Avtovağzal" metrosundan 569 nömrəli avtobus dayanacağına çıxan və düşən eskalatorlar da işlək vəziyyətdə deyil. Həmçinin metronun keçid hissəsində quraşdırılan travolatorlar da qeyri-işlək vəziyyətdədir.

Həmçinin Heydər Əliyev parkına girişi və çıxışı olan yeraltı keçidin də bəzi eskalatorları işləmir.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq.

Şöbə rəisi paytaxtın bəzi hissələrində eskalatorların həqiqətən də işləmədiyini Redaktor.az-a təsdiqlədi.

“Bu eskalatorlar ölkəmizə ixrac olunduğundan onun ehtiyat hissələri də xaricdən gətirilir. Bu zaman hansısa yubanmalar olursa, sıradan çıxmış, yaxud texniki problem yaranmış eskalatorun fəaliyyətinin bərpa edilməsində də müəyyən gecikmələr olur. Yaxın müddətdə eskalatorların fəaliyyəti bərpa olunacaq. Parka düşən eskalatorlar isə bizim balansımızda deyil”, - deyə o bildirdi.

Həmçinin Anar Nəcəfli onu da qeyd etdi ki, eskalatorlar Agentlikdən öncə qurulduğuna görə, ehtiyat hissələri sonradan gətirilir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC ilə də əlaqə saxladıq. Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirdi ki, sözügedən metro stansiyasının çıxışındakı eskalatorlar insan yaxınlaşdığını hiss etdikdə hərəkətə keçir və bəzi insanlar bundan xəbərsizdir, ona görə elə bilirlər ki, onlar işlək deyil.

“Travolatorlarda isə müvəqqəti problem olub, hazırda problem aradan qaldırılıb”, - deyə qurum sözçüsü əlavə etdi.

Nərmin VÜQARQIZI