Fəaliyyət göstərdiyi sahələrin fövqünə qalxa bilən şəxsiyyət – Professor İlham Rəhimovun portretinə baxış

 15:08 13.01.2023     961

Böyük şəxsiyyətlərin ən böyük özəllikləri istedadları ilə xalqı və dövləti təmsil etməkdir. Onlar xalqı elmi-mədəni, dövləti isə ictimai-siyasi bacarıqları ilə təmsil edirlər. Bu fəaliyyət ölkənin hüdudlarından kənara çıxıb, qlobal mahiyyət kəsb edəndə, həmin qabiliyyətin sahibləri əsil vətənpərvərlər hesab olunurlar. Bu kiçik yazımda belə səxsiyyətlərdən biri - sabah 72 yaşı tamam olan Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, “Şöhrət” ordenli professor İlham Rəhimov haqqında öz düsüncələrimi qələmə almaq qərarına gəldim.

Professor İlham Rəhimovla uzun illərə dayanan şəxsi münasibətlərimiz olmasa da, geniş zaman kəsiyində müxtəlif sahələrdəki fəaliyyətini izləmişəm. İlham müəllimin fəaliyyət sahəsini əsasən 3 istiqamətə bölmək olar: Elmi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti və işgüzar sahədəki uğurları. Əlbəttə ki, hüquq sahəsindəki elmi araşdırmalarının, elmi axtarışlarının uğurla nəticələnməsi onun fitri istedadından, eləcə də SSRI dönəmində nüfuzlu Leninqrad Dövlət Üniversitetini fərqlənmə diplomu ilə bitirməsindən, Sovetlər İttifaqı kimi böyük bir dövlətdə ən gənc elmlər doktoru, alimlik dərəcəsinə layiq görülməsindən və gənc yaşlarında Ədliyyə Nazirliyində uzun illər ən böyük qanunvericilik idarəsinə, elmi tədqiqat instituna rəhbərlik etməsindən, davamlı, inadkar elmi zəhmətə qatlanmaq bacarığından irəli gəlir.

İlham Rəhimovun elmi yaradıcılığını onun hüquqa münasibətinin formalaşması baxımından iki mərhələyə bölmək olar. Yuxarıda qeyd etdiyim birinci mərhələdə professor cinayət hüququna standart dünyagörüşü nöqteyi-nəzərindən baxsa da, daha sonralar bu yanaşma onu qane etməməyə başlayır. O müsahibələrinin birində deyir: “Hüquq məni darıxdırmağa başladı, içimdəki suallara cavab verə bilmirdim, ona görə də fəlsəfə, sosiologiya məni özünə cəlb etdi. Sualıma fəlsəfi baxımdan müəyyən qədər cavab tapdım. Fəlsəfə onu anladır ki, insan hər şeyi tanıya bilir, hər şeyi kəşf edə bilir, ancaq özünü tanımağı bacarmır”.

Göründüyü kimi, professor İlham Rəhimov elmi yaradıcığının yeni mərhələsində, dünya hüquq elminə fərqli, daha dərin suallarla müraciət etsə də, onlara tam cavab tapa bilmir. Bu cür suallar yaradan amillərdən biri cinayət hüququnun ərsəyə gətirdiyi cinayət məcəlləsindəki bir-birini inkar edən bəzi maddələrdir.

İnsanlıq tarixi başlayandan dünyada insanla bərabər cinayət də yaşayır. Cinayət insanlığa ziddir, ona düşməndir, cəmiyyət üçün böyük təhlükədir. Həmin təhlükə bu gün də insanın bir addımlığındadır, çünki cinayəti yaradan insanın daxilində yaşayan naqislik, cahillikdir. Həmin naqislik və cahillik cəmiyyətdə cinayət hadisəsi kimi təzahür olunur. Uzun əsrlərdən bəri faciəvi cinayətlər baş verdi, bu cinayətlərə qarşı amansız cəzalar kəsildi, amma cinayət azalmadı, əksinə münbit şərait yaranan kimi daha da çiçəklənməyə başladı. Ən yaxşı halda cinayətin qarşısı alındı. Artıq cəmiyyətdə inkaredilməz bir tendensiya kök salıb: “Dünyada heç kim xəstəxanadan və həbsxanadan siğortalı deyil”. Bəs niyə hüquq elmi yaratdığı çox saylı nəzəriyyələrlə, məcəllələrlə cinayət və cəza probleminin həllinə köklü şəkildə nail ola bilmədi?

Professor İlham Rəhimov bu kimi təzadlı suallara cavab tapmaq üçün dini dəyərlərə üz tutur. 2021-ci ildə çapdan çıxmış “Din və cəza” kitabında cinayət və cəza məsələlərinə dini konteksdə yanaşır və bu problemi hüquqi aspektdən kənarda axtarmağa başladığının şahidi oluruq. Müəllif kitabda dünyanın üç böyük dininin (İslam, yəhudilik, xristianlıq) eyni problemin yaranmasına dini baxışları və cinayətin yaratdığı fəsadları araşdırır. O, bu mövzu ilə bağlı fikirlərini şərh edərkən müsahibələrinin birində deyir: “Cinayət və cəza mövzusuna baxışda kitablarda fərqli məqamlar var. Birinci müqəddəs kitabda Allah çox ciddidir. Daha doğrusu, çox qəddardır. Yəhudilərin Allahı Yaxra göstəriş verir ki, qonşuluğunuzda xalqlar yaşayır, gedib onları heyvanlarına qədər qırın, bir canlı qalmamalıdır. Allah Musanı məcbur edir ki, öz millətini qırsın. Bəs biz həmişə Allahı humanist kimi təqdim edirik. Baxın, o Allah həmin insanlara bu üzünü göstərir. Gəlirik İsus Xristosun dövrünə. Allah Evanqaliyyada başqa sifətdə görünür. Deyir ki, sənə şillə vursalar, başını aşağı sal get, cəza ilə heç nəyə nail ola bilməyəcəksən. Quranda görün nə deyir, Allah tamam dəyişir. Quranda deyir ki, cinayət törədən cəzasını almalıdır. Amma ədalətli cəza almalıdır. Tövratda ədalətdən söhbət getmir. Heç Evanqaliyyada da ədalət yoxdur. Necə yəni sən mənim bir gözümü çıxart, mən deyim, gəl ikincisini də çıxart. Quranda cəzayla bağlı məna belədir: Əgər kimsə sənin qolunu qırıbsa, sən də gedib onun qolunu qırma, Tövratın əksı. Cəza ver, amma başqa cəza ver”.

Professor İlham Rəhimov üç böyük, fərqli dinlər vasitəsiylə Allahın cəza mövzusunda ifrat humanizmdən, nəhayət, İslam dinində təşəkkül tapan ədalətli cəza prinsipinə keçiməsi qənaətinə gəlir. Çünki cinayəti törədən insan əqli bu qədər humanizmə hazır deyildi. Müəllif daha sonra müqəddəs kitablarda göstərilən dini ayinlərlə insanın real həyat tərzindəki dərin ziddiyyətləri qeyd edir, hətta bu amillərin siyasi aləmdə din pərdəsi altında sui-istifadə edilməsini ön plana çəkir. Yenə bu barədə professorun müsahibəsinə müraciət edirik:

“... Əsas problem ondadır ki, bu üç fərqli din daşıyıcılarının müqəddəs kitablarında deyilənlərə özləri tam əməl etməyiblər, indi də etmirlər. İranı götürək. Elə addımlar atırlar ki, nə dində var, nə də Allahın tapşırığında. İndi cəza verilməsi nöqteyi-nəzərdən Qurandan bəhrələnmək istəyirlər, dövr o qədər sürətlə dəyişir ki, bəşəriyyətin inkişafı buna imkan vermir, nəticəyə nail ola bilmirlər”.

Təbii ki, dünya mövcud olduqca, nə qədərki cinayətkarlıq var, ona qarşı zorakılıq da labüddür. Həbsxanada cəza çəkib çıxan insan dəyişmədi, əksinə, başqa bir dünyaya düşdü, amansızlaşdı. Baxın, nəinki, cəza cinayəti ləğv etmədi, tam tərsi öz qanunları əsasında başqa bir dünya-cinayətkar dünya yaratdı. Bu qədər parodoksal şəraitdə təbii ki, Allaha bir sual verməmək mümkün deyil. Necə oldu ki, Uca Yaradan insanı ikili yaratdı? İnsanın içində həm mələk var, həm də şeytan, həm məhəbbət, həm də nifrət, həm cinayət var, həm də ədalət. Cəmiyyət insan toplumundan ibarətdir, ona görə də insandakı bu ikilik cəmiyyətdə hər addımda özünü göstərir. Nə qədər ki, bu ikilik davam edir, hüquqa olan suallar cavabsız qalacaq.

Professorun cinayətsiz bir dünya amalına inamı böyükdür, amma bu inam hüquqi müstəvidən kənara çıxaraq, yenə insana inam amilinə istinad edir. İnsan idrak vasitəsi ilə dünyanı və özünü dərk edərək, daxilindəki şərə yox deyə bilər. Ondan imtina edib, pisliklərdən təmizlənərək, şərə qalib gələr. Onda cəmiyyət də təmizlənər, cinayət də yoxa çıxar, cəzaya ehtiyac qalmaz.

Beləliklə, professor İlham Rəhimovun elmi fəaliyyəti, sözün müsbət mənasında hüququn hüdudlarını aşaraq, onun fövqünə qalxır. Hüququn fövqündə cinayət və cəza probleminə və hüququn bu məsələdə həlledici rol oynaya bilməməsinə daha qlobal aspektdən yanaşır. Qətiyyətlə deyə bilərik ki, bütün zamanlar üçün aktual problem olan cinayət və onu doğuran səbəblərin həllini yenə də insan amilinin özünə qayıdaraq, onun idrakında və mənəviyyatında intibaha nail olmağı önə çəkmək Azərbaycan və eləcə də dünya hüquq elmində yeni fikirdir. Bu ideyanın həm elmdə, həm də ictimai-siyasi həyatda təbliğ edilməsi çox vacibdir.

Professor İlham Rəhimov elmi yaradıcılığı ilə bərabər ictimai-siyasi həyatda da aktiv fəaliyyət göstərir. İllər oncə milli dərdimiz olan Qarabağ probleminin köklü şəkildə həllini Rusiya və Türkiyə münasibətlərinin daha yüksək inkişafında görürdü. Professor İlham Rəhimovun, eyni zamanda, Azərbaycan-Rusiya münasibətlərinin dünəni, bu günü, sabahı və bu konteksdə Qarabağla bağlı analitik təhlilləri daha uzaqgörən və milli maraqlarımız baxımından daha praqmatik idi. Hələ 2000-ci illərin əvvəllərində professor Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi üçün ilk səylərini göstərməyə başlayır. Müsahibələrindən birində bu barədə deyir: “Putin hakimiyyətə gəlişinin ikinci ilində Ankaraya səfər etdi. Tarixi səfər idi. Bilirsiniz buna qədər Rusiya tarixində heç bir rəhbərin, Sovetlər birliyi də daxil Türkiyəyə rəsmi səfəri olmamışdı. Bu iki ölkənin yeni tarixi o gündən başladı. Həmin səfərə qədər mən Türkiyə Böyük Millət Məclisinin Rusiya Federasiyası ilə Parlamentlərarası Dostluq qrupunun Moskvaya səfərini təşkil etmişdim. Dövlət Dumasında önəmli görüşləri oldu. Az sonra Rusiya Dövlət Dumasının üzvlərini Ankaraya apardım. Rəsmi səfər idi. Çox yüksək səviyyədə görüşlər oldu. Çox səmimi, çox isti”...

20 ilə yaxın bir zaman kəsiyində Türkiyə-Rusiya münasibətlərinin tarixi səviyyədə inkişafında professor İlham Rəhimov həm ictimai-siyasi, həm də elmi nöqteyi nəzərdən əhəmiyyətli rol oynamışdır. Əlbəttə ki, bu iki böyük dövlət arasındakı tarixi yaxınlaşma Azərbaycan-Rusiya münasibətlərində, xüsusi ilə Qarabağ probleminin ədalətli həllində həlledici amillərdən biri idi. Zaman yetişdi və tarixi ədalət bərpa olundu. Bu barədə İlham Rəhimov özü belə deyir: “Azərbaycan bu iki dövlət arasında sağlam bir körpü rolunu oynayır. Elə o dönəmdə anladım ki, Qarabağ məsələsini biz yalnız bu iki dövlətin yaxınlaşması sayəsində çözə bilərik. Ondan sonra da bu münasibətlərin yaxınlaşması üçün çox çalışdım. Detallara varmaq istəmirəm, amma bugünkü tarix göstərdi ki, yanılmamışam. Bütün bu hallarda mən bu münasibətlərdə liderlərin rolunu bir daha önə çəkmək istəyirəm. Nə “uçaq krizisində”, nə də böyük elçinin öldürülməsində onlar provokasiyaların genişlənib iki ölkənin kövrək münasibətlərini pozmağa imkan vermədilər”.

Təxminən, 2000-ci illərdə işgüzar sahədə fəaliyyətə başlayan İlham Rəhimov qısa bir müddət ərzində Rusiyada və dünyada nüfuzlu bir iş adamına çevrilir. Onun biznes fəaliyyətində xüsusi bir məqamı vurğulamamaq mümkün deyil. Azərbaycan üçün həssas məqamlarda təəssübkeşlik mövqeyinin ortaya qoyulması qaçılmaz olanda İlham Rəhimov üçün biznes məqsəddən vasitəyə çevrilir. Buna əyani misal olaraq, 2020-ci ilin iyul ayında mənfur ermənilərin Tovuza hücumu zamanı Moskvanın böyük “FUD SİTİ” Ticarət Mərkəzində ermənilərə qarşı sərgilədiyi cəsarətli mövqeyi xüsusilə qürurverici idi. Bu qətiyyətli addım Azərbaycan cəmiyyətində, Türkiyənin işgüzar dairələrində, eləcə də Rusiyada yaşayan azərbaycanlılar arasında böyük rezonansa səbəb oldu. Bu artıq təkbaşına böyük bir diaspora fəaliyyəti idi. Həmin hadisə Rusiyada yaşayan soydaşlarımızın, eləcə də başqa xalqların yaddaşında Azərbaycanın Cənubi Qafqazda nüfuzlu söz sahibi olduğunu təsdiqlədi. Rusiyada fəaliyyət göstərən nüfuzlu bir iş adamının erməni separatizminə və terrorizminə qarşı müstəqil və barışmaz mövqeyi bütün ermənilərə tərs şillə idi. Onu da xüsusi qeyd etmək istəyirəm ki, İlham Rəhimov bu fəaliyyəti ilə uzun illərdən bəri formalaşan “ermənilər Rusiyada güclüdlür” mifini darmadağın etdi və Rusiyanın siyası elitasında böyük nüfuz sahib olduğunu bir daha təsdiq etdi.

Professor İlham Rəhimov şəxsiyyətinin xarakterik xüsusiyyətlərindən birini də qeyd etməmək mümkün deyil. Fəaliyyət göstərdiyi hər üç sahədə günün stereotiplərindən kənara çıxaraq, o sahənin fövqünə qalxa bilir. Milli təəssübkeşlik hissini ön plana çəkməsi isə ona hər zaman xalq arasında xüsusi nüfuz gətirir…

Sonda həyatını Azərbaycana həsr edən dünya şöhrətli alimi, ictimai xadimi – professor İlham Rəhimovu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür və səmərəli fəaliyyət arzulayırıq.

Şahin Əhmədli