Bakıda daldanacaqsız dayanacaqlar

 17:36 13.01.2023     2136

Paytaxtın bəzi ərazilərində dayanacaq olsa da, avtobus dayanacaq poviliyonları yoxdur. Xüsusilə də, şəhərin ən sıx hissəsi olan "20 Yanvar" dairəsi ərazisində bu problem öz həllini tapmır. Eyni ilə "Memar Əcəmi" metrostansiyasının çıxışında 525 nömrəli avtobusun dayanacağında da povilyon yoxdur. Təkcə bu ünvanlarda deyil, paytaxtın digər küçələrində də buna rast gəlmək mümkündür. Yəni dayanacaqlarda qışın yağışında, küləyində, yayın istisində daldalanacaq bir yer yoxdur.

Bəs, niyə bəzi dayancaqlarda povilyonlar qoyulmur?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma şöbəsinin müdiri Vüqar Məmmədzadə bildirdi ki, avtobus dayanacaq povilyonları Nazirlər Kabinetinin 73 saylı Qərarına əsasən sərnişin təlabatı və səki infrastrukturu nəzərə alınaraq quraşdırılır.

“Bəzi ərazilərdə səki  infrastrukturu olmadığından povilyon quraşdırılması mümkün olmur. Bu istiqamətdə tərəfimizdən mütamadi olaraq əraziyə baxış keçirilir və tələblərə uyğun olan ərazilərdə dayanacaq povilyonu quraşdırılması təmin edilir”,-deyə qurum rəsmisi bildirdi.

Həmidə İbrahimova