“İcra orqanları dəyişdirilə bilər” - Deputatdan AÇIQLAMA

 17:02 13.01.2023     490

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində hazırda yeni idarəetmə modeli üzərində işlənildiyini bəyan edib.

“Əlbəttə, kadr potensialı çox önəmlidir. Amma eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış strukturlar yaradılıb”,- deyən ölkə lideri qeyd edib ki, bu təcrübə sonra tədricən ölkəmizin digər hissələrinə keçiriləcək.

Maraqlıdır, yeni idarəetmə sistemləri yaradılarsa, yerli icra hakimiyyətləri ləğv olunub əvəzində prezident nümayəndəlikləri yaradıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirdi ki, yerlərdə yeni idarəetmə sisteminin qurulması dövlət başçısının səlahiyyətləri daxilindədir.

“Ancaq demək lazımdır ki, bütün bu tədbirlər ölkə rəhbəri tərəfindən düşünülmüş, ölçülüb biçilmiş qaydada həyata keçirilir və öz səmərəsini verir. Prezidentin yerli nümayəndəliklərinin yaradılması bu gün göstərir ki, bu sistem özünü doğruldur və yerlərdə işlərin operativ şəkildə həll olunmasını əsaslandırır. Eyni zamanda gələcək uğurların qazanılmasına bir zəmanət verir.

Əlbəttə ki, icra orqanları bu günə kimi yerlərdə çox mühüm vəzifələri, tapşırıqları yerinə yetiriblər. Onlar rayonda görülən həyata keçirilən tədbirlərin bilavasitə iştirakçılarıdır. Həm də ki, əhalinin müəyyən qayğılarının, tələbatlarının, arzu təkliflərinin yerinə yetirilməsində əsas rol oynayan strukturlardır. Sözsüz ki, əgər lazım olarsa, müəyyən qaydada cənab Prezidentin özünün səlahiyyətlərinə aid olan çərçivədə icra orqanları dəyişdirilə, əvəz oluna bilər”,- deyə deputat qeyd etdi.

Millət vəkili vurğuladı ki, bu sahədə hər bir vətəndaşın özünün də üzərinə böyük vəzifə düşür:

“Çünki yeni strukturların yaradılması, müəyyən çətinliklər, müəyyən problemlər ortaya qoyur. Sözsüz ki, bir vətəndaş olaraq hər birimiz görülən işlərə, tapşırıqlara məsuliyyətlə yanaşmalıyıq ki, o effekti versin. Yerlərdə olan nümayəndəliklərə köməkliyin olunması, onların müəyyən qaydada işlərinin səmərəli qurulması üçün bir vətəndaş kimi biz də əlimizdən gələni əsirgəməməliyik”.

Nərmin VÜQARQIZI