Təcili yardım gələnə kimi xəstə keçinə bilər - Metronun tibb məntəqəsi PROBLEMİ...

 18:31 16.01.2023     3793

Gün ərzində insanların kütləvi şəkildə ən istifadə etdiyi nəqliyyat vasitələrindən biri də metrodur. Bu səbəbdən metroda həddindən artıq sıxlıq müşahidə olunur. Xüsusilə, son dövrlər metrodakı sıxlıq acınacaqlı hala çevrilib və tez-tez xoşagəlməz hadisələr müşahidə edirik. Bəzən sıxlıqda kiminin ürəyi gedir, kiminin də halı pisləşir. Belə vəziyyətlərdə Təcili Tibbi Yardıma zəng olunanda isə, onların gəlməyi çox vaxt aparır.

Hətta bir neçə gün əvvəl, yanvarın 10-da metronun "20 Yanvar" stansiyasında 1965-ci il təvəllüdlü Xaqani Hüseynov ürəktutmadan vəfat etdi.

Bəs, gün ərzində orta hesabla 600-700 min sərnişinin istifadə etdiyi metroda bu kimi halların qarşısının vaxtında alınması üçün tibb məntəqələri nədən yoxdur? 

Məsələ ilə bağlı Redaktor.az-a danışan  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov da, metro stansiyalarda tibb məntəqələrinin olmadığını etiraf etdi.

Onun sözlərinə görə, sərnişinlərin səhhəti ilə bağlı məsələ səhiyyə ilə bağlı qurumlarla davamlı olaraq diqqət mərkəzindədir:

“Bu günə qədər Təcili Tibbi Yardımın metropolitenə gec gəlməsi kimi hallar müşahidə olunmayıb. Günün saatından asılı olmayaraq, bunun da əsas səbəbi odur ki, metropolitenlə Təcili Tibbi Yardım arasında ən operativ və tənzimlənmiş əlaqəli fəaliyyət mövcuddur. Zəng daxil olan kimi stansiyaya ən yaxın məntəqədən operativ şəkildə briqada göndərilir. Ümumiyyətlə, tibbi məntəqələrin qurulması, buna bənzər bir sistemlərin işlənməsi isə təbii ki, zərurətdən yaranmalıdır. İl ərzində olan, davamlı olan müxtəlif dövrlərdə onunla bağlı iki qurum arasında davamlı olaraq məsləhətləşmələr, müzakirələr, monitorinqlər aparılır. Yəqin ki, zərurət yarandığı təqdirdə aidiyyətı üzrə qurumlar bununla bağlı öz qərarlarını verə bilərlər”.

Qurum rəsmisi onu da qeyd etdi ki, bu, metro stansiyalarda tibb məntəqələrinin yaranması Bakı Metropoliteninin səlahiyyəti çərçivəsindən kənar olan bir məsələdir:

“Davamlı olaraq, bütün monitorinqlərdə də varıq. Bizim özümüzə də məlumatlar daxil olur. Xüsusən ölüm halları olanda bunu operativ olaraq ictimailəşdirik. Tibb məntəqələrinin özünün spesifik tərəfləri var. Biz indiyədək Təcili Tibbi Yardımın gecikməsini müşahidə etməmişik. Elə sonuncu ölüm hadisəsində də bunu hər kəsdə əyani gördü. Yəni ən qısa müddətdə çatdılar və lazım olan tibbi müdaxiləni də etdilər, amma əfsuslar olsun ki, insanı xilas etmək mümkün olmadı.”

Həmidə İbrahimova