Yeni idarəetmə modeli rayonlara nə verəcək?

 19:25 13.01.2023     800

“Artıq Qarabağ və Zəngəzurda yeni idarəetmə modeli tətbiq olunur. Həmin modelin digər bölgələrimizə transferi öncədən də cənab Prezident tərəfindən bəyan edilib. Çünki Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən model həm çevik, həm də bütövlükdə müasir çağırışlara və idarəetmə üsullarına uyğundur”.

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dedi. Deputatın sözlərinə görə, digər bölgələrimizdə oxşar idarəetmə modelinin tətbiq edilməsi həm də bölgələrimizdə idarəetmənin çevikliyinin təmin edilməsi baxımından vacibdir.

“Xüsusən də, bölgələrin inkişafı və rayonlara daha çox investisiyanın cəlb edilməsi baxımından bu, vacib hesab olunur. Ona görə də gözlənilir ki, Qarabağ və Şərqi Zəngəzur həm də idarəetmə baxımından digər bölgələrimiz üçün bir model olacaq. Təbii ki, bu da nəticə etibarilə artıq Azərbaycanda, xüsusən də yerli idarəetmə baxımından yeni modelin tətbiqindən xəbər verir”.

Qeyd edək ki, 10 yanvar tarixində Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində hazırda yeni idarəetmə modeli üzərində işlənildiyini bəyan edib.

“Əlbəttə, kadr potensialı çox önəmlidir. Amma eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış strukturlar yaradılıb”,- deyən ölkə lideri qeyd edib ki, bu təcrübə sonra tədricən ölkəmizin digər hissələrinə keçiriləcək.

Nərmin VÜQARQIZI